Bu gün Beynəlxaq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)
2017-ci il Novruz Bayramı ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Movqe.az-ın xəbərinə görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu,ölkənin aparıcı mətbu orqanlarının baş redaktorları və digər qalib jurnalistlər iştirak edib. Tədbir iştirakçılarını salamlayan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu müsabiqəyə yazıların qəbulu bu ilin yanvar ayının 25-dən başlayaraq martın 7-də başa çatıb:" Bu müsabiqəyə 71 KİV-dən 158 yazı daxil olub.15 istiqamət üzrə keçirilən müsabiqəyə hər istiqamət üzrə 6 qalib müəyyən edilib.
I yer üçün bir nəfər (500 AZN),
II yer üçün iki nəfər (400 AZN),
III yer üçün üç nəfər (300 AZN) mükafat təqdim ediləcək. Biz dünən Müşahidə Şurasının iclasını keçirdik. Təqdim edilən yazılar 12 ekspert qiymətləndirilib. Bu müsabiqəyə 11 region mətbuatından yazı daxil olub. Bu dəfə biz belə qərara gəldik ki, müsabiqədə ikinci, üçüncü yerlərin qaliblərinə diplom verilməyəcək.
Müsabiqədə yalnız I yerin qaliblərinə Fondun diplomu veriləcəkdir". Daha sonra çıxış edən Əflatun Amaşov jurnalistləri Novruz bayramı münasibətilə təbrik edərək bu müsabiqəyə təqdim olunan yazıları qiymətləndirməyin bəzən çətin olduğunu vurğulayıb:" Buna səbəb yazıların peşəkar jurnalistlər tərəfindən yazılmasıdır. Mən qalibləri təbrik edirəm". Ə. Amaşov internet media ilə bağlı yeni qanunun qəbulunun vacibliyindən də danışıb. Çıxış edən Vüqar Rəhimzadə isə bəzən dövlət qurumlarının saytlarından götürülən məlumatın olduğu kimi müsabiqəyə təqdim edilən yazılara əlavə olunduğunu söyləyib: " Bu məlumatlardan istifadə edəndə, bir az yaradıcı yanaşlar daha yaxşı olacaq". Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli isə bu dəfə təqdim edilən yazıların peşəkarlıq səviyyəsinin yüksək olduğunu söylədi. Tədbirdə çıxış edən Hikmət Babaoğlu müsabiqənin keçirilməsinin əsas məqsədinin jurnalistikada peşəkarların sayını artırmaq olduğunu söyləyib. O, bu müsabiqəyə təqdim edilən yazıların peşəkarlıq baxımından yüksək olduğunu qeyd edib. Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli isə bu dəfə ekspertlərin müsabiqəyə təqdim etdiyi yazıların içərisində yaxşıların yaxşısını seçmək məcburiyyətində qaldıqlarını söylədi. 525-ci qəzetinin baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, müsabiqəyə təqdim edilən yazıların dil -üslub xüsusiyyətlərinə görə fərqlənəni azdır: " Çox nadir hallarda dil-üslub fərqi olan yazılara rast gəlinir. Belə yazı ilə qarşılaşanda, ekspert kimi ən yüksək bal verirəm".
Tədbirin sonunda qalib jurnalistlərin adları açıqlandı. V.Səfərli bildirdi ki, birinci yerin qaliblərinə mükafatlar jurnalistlərə Novruz bayramı münasibətilə keçiriləcək bayram şənliyində təqdim ediləcək.
Zülfiyyə QULUYEVA