Əlaqə Arxiv
news Image
2017.03.17
09:00
| A A A
Tikinti bumu qayıdır
Rövşən Talıbzadə: “Başlanacaq yeni söküntü işləri inşaat və tikinti materialları sektorunda növbəti canlanmaya səbəb olacaq”

«Mikrorayonlardakı evlər bir-bir söküləcək. Həmin ərazilərdə 9-12 mərtəbəli evlər tikiləcək. İlk olaraq da Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması həyata keçriləcək». Bunları baş nazirin müavini Abid Şərifov bildirib. Bəs, yeni söküntü işləri mənzil bazarına, inşaat sektoruna nə vəd edir? 

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadənin fikrincə, başlanacaq yeni söküntü işləri inşaat və tikinti materialları sektorunda növbəti canlanmaya səbəb olacaq: “İlk növbədə onu qeyd edək ki, ölkə başçısının son qərarı ilə paytaxtın bir çox rayonlarında pilot layihələr həyata keçirilir. 1-ci mikrorayon deyilən ərazidə köhnə tipli binaların sökülüb, yerində 9-12 mərtəbəli binalar tikiləcək. 
Onu da qeyd edək ki, paytaxtda tikilən binaların əksəriyyəti artıq istismar müddətini başa vurmuş binalardır. 1-ci mikrorayon ərazisinə düşən binalar isə əsasən fransız layihəsi üzrə tikilən yaşayış sahələridir. Fransız layihələri isə müvəqqəti yaşayış xarakterli binalar kimi xarakterizə olunur. Amma fransız layihəsi uğursuz layihədir. Hazırda bir çox mikrorayonda bu tipli layihələr mövcuddur. Ona görə də fransız tipli evləri olan şəxslər əksər hallarda belə mənzilləri kirayə verməyə üstünlük verir. Çünki «Xruşşovka», «Stalinka» tipli layihələrdən fərqli olaraq fransız  tipli evlərin qiyməti nisbətən aşağı olur. Bu səbəbdən də Bakıda kirayə bazarının ən aktiv zonası məhz fransız  layihəli evlərin yerləşdiyi ərazilərdir. Amma indi burada söküntü işləri aparılaraq yeni binaların tikintisi ilə canımız fransız  tipli layihələrdən qurtaracaq. Həmçinin, aparılan söküntü işlərilə şəhərin xarici görünüşünə zərər gətirən binalardan xilas olacağıq. Onların da yerində şəhəri daha da gözəlləşdirən binaların tikintisi nəzərdə tutulub. Bu binaların inşası da daşınmaz və daşınan əmlak bazarına müxtəlif sahələr üzrə töhfə verəcək. Tikinti materialları bazaqrında canlanma olacaq. Tikinti bazarında alqı və satşı iştirakçısı olan kütlə ondan yararlanacaq. 
Proses məşğulluğun da həcmini artıracaq. Çünki yeni tikinti prosesi yeni iş yerlərinin olması anlamına gəlir. Kirayə bazarında da bu fonda canlanma yarana bilər. 1-ci mikrorayondakı 1300 ailənin yeni tikinti müddətində kirayədə qalması planlaşdırılır. Prosesin gedişində şəhərin infrastrukturu da əhəmiyyətli dərəcədə yenilənəcək.  Bu layihələr əsasında tikiləcək binalar nümunəvi xarakter daşıyır. Onun davamlı olması da tikiləcək həmin binaların hansı şəkildə təhvil veriləcəyindən asılıdır. Bu vəziyyət isə tikinti şirkətlərinə işlərinə daha nümunəvi şəkildə yanaşmağa imkan verəcək. Belədə pilot layihəsinin təqdimatı digər belə layihələrin də geniş vüsət almasına imkan verəcək. Əhali də bu prosesin gedişində həm bir qədər artıq kvadrata, həm də geniş, işıqlı mənzillərə sahib olacaq. 
Artıq bildiyiniz kimi, tikinti bazarında mövsümü aylar başlayır. Amma söküntü işləri və yeni binaların tikintisinin tikinti işlərinin genişlənməsinə gətirib çıxarmasına rəğmən, prosesin tikinti materiallaırının qiymətinə hər hansı bir təsiri olmayacaq. Çünki tikinti materiallarının qiyməti təkcə tikinti bumunun baş verməsilə bağlı deyil. Düzdür, bu fonda rəqabət artır, hamı çalışır ki, məhsulunu daha ucuz qiymətə təqdim etməklə bazarda canlanmaya rəvac versinlər. Əslində, geniş rəqabətin olduğu mühitdə tikinti materiallarının ucuzlaşmasından söhbət gedə bilər. Amma prosesdə başqa amillər də rol oynayır. Çünki tikintinin əsas çəkisini təşkil edən xammal idxal olunan məhsullardır. Armatur və onun bir çox komponentləri idxal məhsullarıdır. Sement daxili məhsul istehsalı sayılsa da, onun komponentləri də idxal məhsulu hesab olunur. Taxta məhsulları da xaricdən gətirilir. İdxal məhsullarında da qiymət artımları var. Yalnız daş və qum yerli məhsullar sayılır. Belədə görürük ki, tikinti materiallarının qiymətinə əsas təsir edən amil onun idxal məhsulu olmasıdır. Bu fonda da yeni tikinti işlərilə daşınmaz əmlak bazarında qiymət artımı hiss olunmayacaq, mənzillərin qiyməti nə bahalaşacaq, nə də düşəcək. Onsuz da bazarda təklif olunan qiymətlər artıq qırmızı xəttin üzərində olan qiymətlərdir.  Çünki bu proses heç də yeni mənzillərin inşası deyil. Söküntü ilə əlaqədar orada yaşayan əhali yenidən ərazidə tikiləcək təzə mənzillər köçürüləcəklər. Sadəcə, 5 mərtəbəli binanın yerində 12 mərtəbəli bina tikilsə, onun 7 mərtəbəsi satışa çıxarılacaq. Amma şəhərdə mənzilə tələbatın böyük olduğunu nəzərə alsaq, bu rəqəm onun yanında cüzidir. 
Hazırda mənzilə tələbat var, amma bu tələbat tamödənilmir. Ona görə qiymətlərin düşməsi, habelə enməsi ehtimalı da yox dərəcəsindədir. Çünki mənzillərin qiyməti onsuz da kifayət qədər artıqdır”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz