Əlaqə Arxiv
news Image
2017.03.16
17:20
| A A A
KİVDF Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı

Bu gün  "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)  tərəfindən   Novruz Bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, media vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq əlamətdar bayramlar ərəfəsinə təsadüf edən belə görüşlərin xoş ənənə halını aldığını bildirib. Ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından söz açan icraçı direktor bunun nəticəsi kimi Fondun son illərdə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kütləvi informasiya vasitələri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin genişləndirilməsi, habelə mətbuat və teleradio məkanında ədəbi dilin qorunması məqsədilə həyata keçirilən  çoxsaylı layihələr barədə məlumat verib. Fondun artıq 8 ildir ki, fəaliyyət göstərdiyini söyləyən icraçı  direktor bildirib ki, Novruz bayramı münasibətilə elan edilən və 2017-ci il yanvarın 25-dən martın 7-dək olan dövrü əhatə edən   müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib. Hər yazı 3 ekspert tərəfindən qiymətləndirilib. 15 nəfər jurnalist I, 30 nəfər jurnalist II, 45 nəfər jurnalist isə III yerə layiq görülüb. Ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib. 

Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edib. V. Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəni yüksək qiymətləndirib.  Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan jurnalistikası fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni irsinin və tarixinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan təsirli vasitələrdən biri olub : « Bu gün Azərbaycan jurnalistikasının sözügedən  missiyası daha əhəmiyyətlidir. Çünki Azərbaycan jurnalistikası bu gün daha güclüdür, onun fəaliyyəti daha genişdir. Bunun bir çox səbəbləri var. İlk səbəb odur ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün  Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya, jurnalist təşkilatları geniş fəaliyyət göstərir. Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatırılmasında mühüm rol oynayır. Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir ». 
Daha sonra qalib jurnalistlər mükafatlandırılıb. Təqdimat mərasimində çıxış edən millət vəkili Fəttah Heydərov  Novruz bayramı münasibəti ilə qalib jurnalistləri təbrik edərək, onlara uğurlar arzu edib : "Söz, mətbuat işi zəhmətli, şərəfli işdir. Şərəfli işdir ona görə ki, müstəqil Azərbaycanımızın artıq dünya dövlətləri arasında özünəməxsus yeri var və dövlətimiz sülh, əmin-amanlıq, inkişaf beşiyidir. Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir ».
Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii proqramla davam edib. 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz