Əcnəbi vətəndaşların Azərbaycan ərazisinə müvəqqəti qaydada gətirdiyi nəqliyyat vasitəsi müəyyən olunmuş müddət ərzində geri qaytarılmalıdır. “Movqe" xəbər verir ki, bu barədə Dövlət Gömrük komitəsinin (DGK) ölkəyə müvəqqəti qaydada nəqliyyat vasitəsi gətirənlərə etdiyi xəbərdarlıqda qeyd olunub.
DGK-nın açıqlamasına görə, gətirilən nəqliyyat vasitəsi olmadan Azərbaycanı tərk edən şəxs ölkədən buraxılmayacaq.
“Nəqliyyat vasitəsi geri qaytarılmadan ölkə ərazisini tərk etmək üçün o, Bakı şəhəri üzrə Avtonəqliyyat Baş Gömrük İdarəsində, Bakı şəhərindən kənarda isə öz seçimi əsasında istənilən ərazi gömrük orqanında gömrük nəzarəti altında yerləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsini geri qaytarmadan və ya gömrük nəzarəti altında yerləşdirmədən ölkə ərazisini tərk etmək istədikdə, həmin şəxslər sərhəddən buraxılmayacaq”, - deyə Komitədən bildirilib.