Əlaqə Arxiv
news Image
2017.03.17
16:26
| A A A
48 məhkum ombudsmanın müraciəti ilə əfv olunub

Ombudsman Elmira Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 48 məhkum, o cümlədən qadın məhkumlar əfv olunub.

Ombudsman Aparatından Movqe.az-a verilən məlumata görə, fəaliyyəti dövründə ombudsmanın vəsatətləri üzrə ümumilikdə 566 məhkum, o cümlədən yeniyetmələr, qadınlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb.

Ombudsman əfv sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 4, 6 saylı cəzaçəkmə və Müalicə müəssisələrində olub, onu Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə müşayiət edib.

Müvəkkil məhkumları ikiqat bayramlar - əfv olunmaları və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş və xoş arzularını bildirib.

E.Süleymanova bir çox əfv sərəncamlarının icrasında iştirak etdiyini, amma budəfəki sərəncamın çox fərqli olduğunu, yəni adətən əfv olunanların sayı 100 civarında olurdusa, bu dəfə onların sayı 423 nəfər təşkil etdiyini və bunun əlamətdar hadisə olduğunu vurğulayıb. Habelə nəzərə çatdırılıb ki, budəfəki əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə də şamil olundu.

Qeyd edilib ki, son illərdə müvafiq sahədə qanunvericilik aktları liberallaşdırılıb, penitensiar müəssisələrdə şərait, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar, onlara tibbi yardım göstərilməsi və islah olunma prosesində təkmilləşmə müşahidə olunur.

Ombudsman Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının əhəmiyyətini vurğulamaqla, bu dəfə daha çox məhkumun əfv olunmasının həmin sərəncamın nəticəsi olduğunu söyləyib. Bildirilib ki, həmin sərəncam penitensiar sistemin, ümumiyyətlə cəza siyasətinin təkmilləşdirilməsi, humanistləşdirilməsi, habelə cəmiyyətdən təcrid etmədən geniş miqyasda müxtəlif alternativ cəzaların tətbiqini nəzərdə tutur.

Cinayət-hüquq siyasətinin daha da liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması və cəzaların icrası sahəsində görülən işlər diqqətə çatdırılıb.

Müvəkkil azadlığa buraxılanlara ailələrinə və cəmiyyətə, sağlam həyat tərzinə qovuşmağı, dövlətçiliyə sadiq olmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.

Bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilib.

Sizin Reklam Yeriniz