Əlaqə Arxiv
news Image
2017.03.31
15:24
| A A A
MEK-ə daxil olan yeni sənədlərin təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə mart ayı ərzində MEK-ə daxil olan yeni sənədlərin təqdimatı keçirildi.
MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğuladı.
Təqdimatçı Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva MEK-ə mart ayı ərzində daxil olan sənədlər (kitab, jurnal, dissertasiya, avtoreferat və s.) haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. X.Ağayeva MEK-in mart ayı ərzində hədiyyə yolu ilə 210 kitab, 157 jurnal, pulsuz məcburi nüsxə olaraq 89 kitab, 52 jurnal, 33 avtoreferat, 9 dissertasiya, 18 elektron vəsait əldə etdiyini açıqladı. Daha sonra təqdimatçı bir sıra kitablar və jurnallar haqqında ətraflı məlumat verdi. 
Tarix üzrə elmlər doktoru, AMEA Milli Azərbaycan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva MEK-lə çalışdığı qurum arasındakı sıx əlaqələrdən söz açdı. Bildirdi ki, Muzeyin kitab fondundan xeyli sayda ədəbiyyat Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilib. İkinci kitab kolleksiyasının bu yaxınlarda MEK-ə təqdim ediləcəyini diqqətə çatdırdı. Həmçinin çıxışcı kitabxanaya mart ayı ərzində təqdim etdiyi kitablar haqqında da məlumat verdi.
MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Mərkəzi Elmi Kitabxananın fondları,beynəlxalq kitab mübadiləsi, Milli Rəqəmsal Yaddaş bazası və yeni daxil olan kitabların 15 gün müddətində sərgilənməsi haqqında geniş məlumat verdi.
Digər çıxışçılar Azərbaycan Dillər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Kifayət Ağayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatının laureatı Məlahət Soltanqızı, AMEA Folklor İnstitutunun əməkdaşı Zümrüd Mənsimova, gənc yazıçı və rəssam Famil Öməroğlu kitabxanaya hədiyyə etdikləri kitablardan söz açıblar, MEK əməkdaşlarına belə bir təqdimat təşkil etdiklərinə görə minnətdarlıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz