Əlaqə Arxiv
news Image
2017.04.03
12:08
| A A A
İntiharların artmasında bayram sindromu - Psixoloqlardan açıqlama

Özünə qəsd etmək dinimizdə günah sayılsa da, son günlər bu günaha bataraq həyatla vidalaşanların sayı artır. Əvvəllər bir gündə bir-iki intihar hadisəsi baş verirdisə, getdikcə gün ərzində eşitdiyimiz intihar xəbərlərinin də sayı artır. Bu istər-istıməz cəmiyyətdə narahatlığa, intihar hadisələrinin sayının artmasının hansı səbəblərlə əlaqəli olduğu ilə bağlı suallara yol açır. 
Psixoloq Samirə Abdullayeva Movqe.az-a açıqlamasında bildirib ki, hər gün eşitdiyimiz intihar olaylarının sayının artması, psixoloji zəif insanların bu cür xəbərlərin təsirinə düşərək canına qıyması ilə bağlı ola bilər: “Biz bu gün intiharların hansı səbəbdən baş verməsi ilə bağlı bir səbəb göstərə bilmərik. Bunu söyləməzdən əvvə araşdırılma aparılmalıdır. Hər intihar olayı ayrı-ayrılıqda araşdırılmalıdır. Səbəbləri üzə çıxarılmalıdır. İntihar hadisələrinin çoxunda eyni səbəb üzə çıxarsa, deməli insanları intihara sürükləyən səbəblər də onlardır”.
Həmsöhbətimiz deyir ki, intiharların mütləq əksəriyyətinin kökündə özünə inamsızlıq, özünü cəmiyyət üçün, yaxınları üçün yararsız hesab etmək dayanır: “Amma təqlid teoriyası da var. Biz son vaxtlar baş verən intiharlarda bir növ təqlid, yamsılamaq elementlərini görürük”.
S. Abdullayevanın sözlərinə görə, intihar edənlərin məşhurlaşması da bu cür hadisələrin artmasında rol oynayır: “İntihar edən şəxsin tanınması, başqalarında da bu yolla tanınmaq, ölümündən sonra məşhurlaşmaq kimi istəklərə yol açır. Özünü bu həyatda kifayət qədər ifadə edə bilmədiyini düşünən insanlar bu cür olayların təsirində canlarına qəsd edirlər”.
Psixoloq Elnur Rüstəmov isə fəslin də intihar hadisələrinin sayının artmasına müəyyən qədər təsiri olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, depresiya intihara yol aça bilər: “Mövsüm depresiyası var. Belə bir vaxtda insanların intihar xəbərləri ilə yüklənməsi bu hadisələrin sayının artmasına təsirsiz ötüşmür”.
E. Rüstəmov son vaxtlar intihar olaylarına ictimai qınağın az olmasının mənfi hal olduğunu söyləyir: “ Əksinə canına qəsd edənlər barədə yüksək fikirlər yazılır.Bu isə intiharı müəyyən qədər stimullaşdırır. Nəticədə insanlar arasında canına qəsd edənlərin sayı artır”.
Psixoloq bayramdan sonra intiharların artdığını da deyir. Onun sözlərinə görə, bayramdan sonra həyatının dəyişəcəyini düşünənlər, bu ümidləri puça çıxanda bəzən çıxış yolunu özünə qəsd etməkdə görürülər: “Onlar elə fikirləşir ki, bayramdan sonra yeni həyata başlayacaqlar. Amma bu baş verməyəndə çıxış yolunu canlarına qıymaqda görürlər”.

Zülfiyyə QULUYEVA           

Sizin Reklam Yeriniz