Araşdırmalar göstərir ki, dilimizə tərcümə edilən bir çox xarici əsərlər öz bədiiliyini saxlamır. Mütərcimlər əksər hallarda hərfi tərcüməyə üstünlük verilir. Mütəxəssislər bədii tərcümədə bu problemin yaranmasına səbəb kimi müxtəlif səbəbləri göstərirlər.
Yazıçı Oqtay Hacımusalı bildirdi ki, müstəqillikdən sonra bədii əsərlərin tərcüməsi sahəsində problemlər mövcuddur: “Əvvəllər orijinaldan tərcümələr az olurdu. Bu gün də eyni proses davam edir. Düzdür, ali təhsil ocaqlarında xarici dil fakültələri fəaliyyət göstərir. Amma problemin həlli Azərbaycan dilini də hərtəfli bilməkdən keçir. Təkcə onunla da kifayətlənmək lazım deyil.
Tərcüməçi hər iki millətin milli kimliyini, fəlsəfi düşüncəsini, psixologiyasını, tarixini, bütövlükdə incə məqamları yaxşı bilməlidir. Əgər bunlar haqqında dərindən məlumatı yoxdursa, bədii mətn hərfi tərcümə ilə təqdim olunacaq. Bu isə oxucuda çaşqınlıq yaradacaq. Onu da əlavə edək ki, Azərbaycan dilinə tərcümə edilmiş bədii əsərlərin əksəriyyəti tərcümənin tərcüməsidir. Yəni, hansısa dildən bizim dilə tərcümə olunub. Birbaşa tərcümə olunan əsərlərin payı çox azdır. Səhv tərcümə isə mətnin özünə xəyanətdir”.
Oqtay Hacımusalı əlavə etdi ki, Azərbaycanda Tərcümə Mərkəzi fəaliyyətə başlayıb: “Bu, çox müsbət haldır. Daha peşəkar tərcüməçilərin bir araya gətirilməsi vacib şərtdir. Bundan başqa, bir əsər tərcümə edilibsə, onu çıxdaş etmək lazım deyil. Yenidən başqa bir nəşriyyatda da tərcümə olunmalıdır. Düzdür, bu proses getməkdədir. Sadəcə, daha da sürətlənməlidir. Bu, tərcümədə rəqabət yaradacaq ki, nəticədə oxucu fərqi hiss edəcək”.
Digər yazıçı Aydın Xan Əbilov da tarixən bu cür olduğunu bildirdi: “Hazırda da Azərbaycan dilinə tərcümə edilən elmi, pedoqoji, bədii, poetik əsərlərdə böyük qüsurlarla rastlaşırıq. Peşəkar tərcümə əsasən Sovet dövründə inkişaf etməyə başlamışdı. Bu da onu deyir ki, Azərbaycanda tərcümə sənətinin tarixi daha qədimdir. Lakin müstəqillik qazandıqdan sonra bir çox sahələrdə oluğu kimi tərcümə sahəsində də müəyyən problem yaşanmağa başladı. Peşəkar mütərcimlərin bu sənətdən ayrılması, qeyri-peşəkarların bu işlə məşğul olması Azərbaycan dilinə tərcümə edilən əsərlərdə ciddi nöqsanlara səbəb oldu.
Eyni zamanda, artıq elektron tərcümə proqramları var. Nəşriyyarların bir çoxu tez və asan yolla pul qazanmaq üçün bu proqramlardan istifadə edən mütərcimlərə üz tuturlar. Onlar da həmin proqram vasitəsi ilə edilmiş tərcümənin bir balaca redaktəsini həyata keçirirlər. Ona görə də qüsurların sayı get-gedə artmaqdadır. Amma yaxşısı odur ki, artıq əsərlər bir dəfə tərcümə edilmir. Bir əsər dəfələrlə tərcümə oldunduğundan oxucu üçün qüsurları görmək asanlaşır”.
Mübariz BAYRAMOV