Xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələri inşa etməyə şərait yaradılmalıdır. Bunu deputat Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat Asim Mollazadə isə Ş.Hacıyevin bu fikrinə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını deyib. Ş.Hacıyev isə cavabında bildirib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, orada vəhabilik və digər cərəyanlarla məşğul olsunlar: “Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı məsələlərdir”. Elə mütəxəssislər də bu məsələdə investisiyanın cəlb edilməsinin tərəfdarıdırlar.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirdi ki, “Təhsil haqqında” Qanuna və digər qanunvercilik aktlarına görə, Azərbaycan Respublikasında xarici vətəndaşlar təsisçi ola bilərlər: “Amma “Məkətəbəqədər təhsil haqqında” Qanunda təklif olunr ki, xarici investorlar burada sahibkarlıq fəaliyyəti göstərməsinlər. Mənim fikrimcə isə, xarici investorlara da təsisçi hüququ verilməlidir. Birinicisi, buradakı bütün təhsil müəssisələri, təhsil proqramları Azərbaycan Respublikasının qanunverciliyi əsasında fəaliyyət göstərir. Onlar burada hansısa ideloji fəaliyyət, təbliğatla məşğul ola bilməzlər. İkincisi, qanunverciliyə görə, təsisçinin sadəcə, təsisçi hüququ var. Qanuna əsasən, rəhbər vəzifədə olan şəxslər Azərbaycan vətəndaşı olmalıdır. Bundan başqa, həmin müəssisədə çalışan işçilərin minimum 80 faizi də Azərbaycan vətəndaşı olmalıdır. Pay sahibi belə 51 faiz Azərbaycanın, 49 faizi xarici dövlətindir. Digər tərəfdən ölkə rəhbəri də dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan xarici investorların bura gəlməsində maraqlıdır. Düzdür, bu günə qədər xarici investorlar əsasən neft sahəsinə yatırımlar ediblər. Digər sahələrə yatırımlar nisbətən azlıq təşkil edir. Ona görə də xarici səhmlərin gəlməsinə maneə yaratmaq olmaz. Bu tikililər, müəssisələr Azərbaycan xalqına qalacaq. Ölkəyə qeyri-neft sektorundan gələn vəsait lazımdır. Bu gün dünyada təhsil səviyyəsinə görə ilk üçlükdə olan ölkə Sinqapurdur. Sinqapur kiçik ölkədir. Lakin Sinqapurda xaricdən gələn tələbələrin sayı 90 min nəfərdir. Azərbaycanın Sinqapura nisbətən ərazisi, infrastrukturu, əhali çoxluğuna baxmayaraq, hazırda 2 mindən bir qədər artıq xarici tələbəsi var. O baxımdan xarici investorlar, xarici tələbə ölkənin maliyyə imkanlarını artırır”.
Təhsil məsələləri üzrə digər ekspert Nadir İsrafilov bildirdi ki, Azərbaycanda daim xarici səhmdarlara şərait yaradılıb: “Məsələn, peşə təhsili ilə bağlı Koreya Respublikası ilə müqavilə imzalanıb. Onlar burada peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində işlərə başlayıb. Belə bir söz var ki, yağın şorbaya ziyanı yoxdur. Düzdür, ilk növbədə öz imkanlarımız daxilində təhsilin inkişafı üçün nələrsə etməliyik. Eyni zamanda xaricilərin də investisiya yatırmasına müsbət yanaşılmalıdır. Onun nə dərəcədə reallaşacağı, investisiyanın hansı şərtlərlə yatırılacağı önəmlidir.
Bu günə qədər bir sıra investorlar Azərbaycanda müəyyən layihələr həyata keçirməyə cəhdlər, təşəbbüslər göstəriblər. Lakin şərtlərdən asılı olaraq layihələrədən vaz keçənləri də olub. Odur ki, şərtlər vacib amildir. Çünki xarici səhmdarların da maraqları var. Bu məsələlər öz həllini taparsa, xarici investisiyaların ölkəmizə ziyanı olmayacaq”.
Mübariz BAYRAMOV