Məlum həqiqətdir ki, hazırda üç və daha artıq ölçülü təsvir texnologiyaları olan eynəklər getdikcə daha geniş vüsət almaqdadır. Belə eynəklərin insan orqanizminə təsiri barədə elmi araşdırma aparılmasa da, həkimlər bildirirlər ki, onların xüsusilə kinoteatrlarda gigiyenik qaydalara əməl olunmadan istifadəsi fəsadlara səbəb ola bilər. Bakıda təkcə kinoteatrlarda deyil, müxtəlif mini kinoklublarda, əyləncəli virtual oyunlarında da "full hd" formatlı eynəklərdən istifadə olunur. Lakin əldən-ələ keçən, gün ərzində onlarla insanın istifadəsində olan bu eynəklər demək olar ki, sterilizə olunmur. Yeri gəlmişkən, bu vasitələr "hd" eynəklər üçün xüsusi istehsal olunan salfetlərlə təmizlənməlidir. Özü də bu eynəklər başqa salfetlə təmizlənəndə keyfiyyətini itirir. Oftalmoloqlar deyir ki, ictimai yerlərdə istifadə olunan eynəklər mikrob daşıyıcılarıdır. Və sterilizəsi vacibdir. Əldən ələ keçən belə eynəkləri sterilizə etməmiş virtual kino dünyasına səyahət etmək son nəticədə gözlər üçün böyük fəsada çevrilə bilər. Həkim- oftalmoloq Roza xanım bildirir: "Mən deyərdim ki, bütün monitorlar qarşısında oturmaq çox təhlükəlidir. Kompüter, televizor, telefon və s. bura daxil edə bilərik. Tamamilə formalaşmamış göz ayarlarında problem tez yaranır. Ona görə mən bütün monitorlardan imkan daxilində uzaq olmağı məsləhət görürəm. Qaldı siz deyən eynəklərə, onların da istifadəsi ziyanlıdır və təhlükəlidir. Çox diqqətli olmaq lazımdır".
Digər oftalmoloq Təranə Fətəliyeva isə "full hd" formatlı eynəklərin sırf şüşədən hazırlanmasının zəruri olduğunu bildirdi: "Plastik materialdan hazırlanan eynəklər gözə pis təsir edir. Gözə düşən şüalar düz mərkəzə düşməlidir, o da düşmürsə, göz üçün müxtəlif xəstəlik mənbəyi ola bilər. Ümumiyyətlə, materialı bəlli olmayan o tip eynəklər göz üçün ciddi xəstəlik mənbəyidir".
Filmlərin baxılması zamanı göz üçün zərərli olan eynəklərin strelizasiya edilib-edilməmsi ilə bağlı bir neçə "full hd" formatlı eynəklərdən istifadəsi ilə fəaliyyət göstərən kinoklubların olduğu Dənizkənarı Milli Park Müəssisəsinin(MMC) direktoru Elxan Ağayeva müraciət etdik: "O eynəyi mən şəxsən özüm də istifadə edirəm. Niyə görə? Çünki eynəyi qulağa keçirdəndə o gözlə birləşmir. Məsafə qalır. Əgər o gözə yaxınlaşsaydı, mən heç özüm onu gözümə taxmazdım. Çünki o zaman onun təhlükəli zəmin yaratması ola bilərdi. Bu eynəklərin istifadəsi isə heç təhlükəli deyil. Yerindəcə sizə göstərəə bilərik ki, onların heç bir təhlükəsi yoxdur".
MMC direktoru göz xəstəliyi olan və ya yoluxucu xəstəlik daşıyan insanların bu eynəklərdən istifadəsi zamanı hər hansı bir təhlükəsizlik tədbirləri görülüb-görülməməsi barədə də açıqlama verdi: "Gözə yaxınlaşmadığı üçün göz xəstəliyi olan şəxsdən digərinə keçə bilməz. Amma yoluxucu xəstəliyi olan kəsin eynəkdən istifadəsini deyə bilmərəm. Məsələyə o aspektdən yanaşsaq, nəqliyyat vasitələrində o qədər elə insan ola bilər ki! Bəs onu niyə demirsiniz?" Göz xəstəliklərinin bir neçəsinin adını çəkən Elxan Ağayev çox böyük inamla qeyd etdi ki, vətəndaşların istifadə etdiyi bu eynəklərin heç bir təhlükəsi və ziyanı yoxdur.