Əlaqə Arxiv
news Image
2017.04.12
12:05
| A A A
Azərbaycan Kikboksinq Federasiyası Qusarda Milli Qəhrəman Çingiz Qurbanovu anır- FOTOLAR
Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turnirə start veriləcək

 Azərbaycan Kikboksinq Federasiyası Qusarda Milli Qəhrəman Çingiz Qurbanovu anır. Bu gün həmçinin  Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turnirə start verilib. Movqe.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Azərbaycan Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnirdə peşəkar kikboksinqçilər yarışacaqlar. Yarışın informasiya dəstəkçisi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu,  sponsoru “Azimport” MMC-dir. Turnirin proqramına əsasən, yarış iştirakçıları və qonaqlar Qusarda əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini, sonra isə Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət ediblər.  Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş kikboksinq üzrə yarış idmançıların və hakimlərin zala dəvət edilməsi ilə açıq elan edilib. Çıxış edən Qusar rayon icra hakimiyyəti başçısı Şair Alxasov qonaqları salamlayaraq, bu turnirin keçirilməsinin Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə böyük hörmət və ehtiramdan xəbər verdiyini söyləyib. Yarışın təşkilatçılarına minnətdarlığını bildirən Alxasov şəhidlərin heç vaxt unudulmadığını dilə gətirib: "Bu gün Qusarda keçirilən turnir şəhidlərimizə verilən böyük dəyərdən xəbər verir. Hamımız əmin olmalıyıq ki, Çingizin, şəhidlərimizin qanı yerdə qalmayacaq. Onların qisasını alacağıq". Daha sonra tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edib. O bildirib ki, bu gün dövlətimiz idman sahəsinə, idmançılara xüsusi diqqət göstərir. İ. İsmayılov Vətən yolunda şəhid olanların qisasını xalqın mərd oğullarının alacağını söyləyib. O, tədbirin təşkilinə görə, deputat Adil Əliyevə minnətdarlığını bildirib. Tədbirdə Milli Məclisiin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev çıxış edib. A. Əliyev şəhidlərimizə, Çingizə ən böyük qiymətin ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən verildiyini dilə gətirib: "Qusar Azərbaycana neçə-neçə ziyalılar, mərd oğullar bəxş edib. Çingiz də onlardan biridir. Çingiz təkcə Qusarın yox, bütün Azərbaycanın oğludur. O bu Vətən uğrunda canından keçərək şəhid oldu. Azərbaycan öz qəhrəmanları ilə fəxr edir. Çingiz də Kikboksinq federasiyanın üzvü idi.  Ona görə də, bu gün o özü aramızda olmasa da, biz onun idman ustası vəsiqəsini doğmalarına təqdim edəcəyik. Mən bu gün bu tədbirə dəstək olan hər kəsə, bütün qonaqlara, eləcə də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna öz minnətdarlığımı bildirirəm". Turnirdə himnimizin səsləndirildikdən sonra, Adil Əliyev Milli Qəhrəmanın valideynlərinə idman ustası vəsiqəsini və hədiyyəni təqdim edib. Tədbirdə çıxış edən şəhidin valideynləri Çingizin xatirəsini yad etdikləri üçün tədbir təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Çingizin atası Salman Qurbanov bu gün Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş tədbirə görə, Adil Əliyevə, Qusar rayon icra başçısına, təşkilatçılara minnətdar olduğunu bildirdi. Milli Qəhrəmanın anası Nailə Qurbanova Movqe.az-a açıqlamasında Çingizin xatirəsinə həsr edilmiş bu cür anım tədbirlərinin onlara bir təsəlli olduğunu dilə gətirib: "Çingizin yoxluğunu bizə heç nə unutdura bilməz. Amma onun xatirəsinin yad edilməsi bizi ovundurur. Elə bilirəm ki, bu gün Çingiz burada, bizim aramızdadır. Adil müəllimə, bütün qonaqlara təşəkkür edirəm".

Çıxış edən Çingiz Qurbanovun müəllimi Vüsal Səfiyev, Milli Qəhrəmanın şərəfinə "Alov" Kikboksinq klubu yaradıldığını da açıqladı. Tədbirdə Çingiz Qurbanov haqqında qısametrajlı filim nümayiş etdirildi.  Çingiz Qurbanovun xatirəsi  Azərbaycan Milli Ordusunun Xüsusi Təyinatlı Qrupunun nümunəvi çıxışı ilə davam edib. Daha sonra tamaşaçılar yeddi maraqlı qarşılaşmaların şahidi oldular. Yarışda 57 kqdə - Elşad Ələsgərov, 64 kq - Elşən Qəniyev, 67 kq - Turan Qədimov, 71 kq (low kik) - Rəhim Əliyev, 81 kq (k1) - Alişan Aslanlı, 75 kq (k 1) Altay Atakişiyev - Emil Mövsümzadə,91 kq (k1) - Bəhram Rəcəbzadə - Sərxan Cabbarov, 57 kq - Elşad Ələsgərov, 64 kq - Elşən Qəniyev,67 kq - Turan Qədimov, 71 kq (low kik) - Rəhim Əliyev, 81 kq (k1) - Alişan Aslanlı, 75 kq (k 1) Emil Mövsümzadə, 91 kq (k1) - Bəhram Rəcəbzadə - Sərxan Cabbarov, 91 kq çəkidə Bəhram Rəcəbzadə qalib olublar. 

Qaliblərə müvafiq diplom və pul mükafatı təqdim edilib. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb. 

Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz