Əlaqə Arxiv
news Image
2017.04.13
13:02
| A A A
Milli Qəhrəman anası:"Şəkillərinə baxıram ki, heç olmasa yuxuda görüm"....
Qusarda məzar daşı qəhrəmanlıq abidəsinə çevrilən şəhid

Dünən hamı onun adına,onun işığına toplaşmışdı dünyaya göz açdığı Qusar rayonuna. Böyükdən-kiçiyə hər kəs Bakıdan onun şərəfinə keçirilən yarışa gəlmişdi uzaq məsafə qət edərək. Hələ yeniyetmələri, idmançı uşaqları demirəm. Qurur verirdi Çingiz barədə danışdıqları adama. Yol gələrkən azyaşlı kikboksçular “Çingizin qisasını biz alacağıq” deyirdilər. Bakıdan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turnirə gələnlər Qusar Olimpiya İdman Kompleksinin qabağına toplaşmışdı.  Yarış iştirakçıları və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra hamılıqla Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarətə yollandıq.

Milli Qəhrəmanın qəbri ziyarətgaha çevrilib...

Çingizi ziyarət etməyə gələnlər, məzarlıqda belə qələbəliyin sonuncu dəfə şəhid qəhrəman torpağa tapşırılanda yaşandığını söyləyirdilər. Burada onu öyrəndik ki, artıq Çingizin məzarı bir ziyarətgaha çevrilib. Bu məzarın anılmayan, üzərinə qərənfillər düzülməyən günləri çox az olur deyirlər qusarlılar. Üzərinə Çingizin adı, soyadı, doğum və ölüm tarixi yazılan bu kiçik daş parçası, bir qəhrəmanlıq abidəsinə çevrilib Qusarda. Qusarlılar Çingizin məzarını ziyarətə gələn hər kəsin bu kiçik məzar daşını bağrına basıb, öpüb-oxşadığını söyləyirlər. Beləcə ölümü ilə əbədi ölümsüzlüyə yüksəlib Milli Qəhrəman Çingiz Qurbanov! 
Bu gün də Çingizin uyuduğu torpaq al qırmızı güllərə qərq oldu. Məzarı üzərinə  Azərbaycan Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubu adından əklil qoyuldu. Milli Qəhrənanın xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında yarışı izləməyə gələnlər arasında, Çingizin ailə üzvləri də vardı. Movqe.az-ın əməkdaşı  Çingizin ailə üzvləri ilə söhbətləşib. 

Anası Nailə Qurbanovaya ilə söhbətə elə onun şərəfinə təşkil olunmuş bu yarışdan körpü salırıq. Milli Qəhrəman anası Çingizin adının anıldığı bütün tədbirlərin ona bir təsəlli olduğunu söyləyir: “Çingizin yoxluğunu bizə heç nə unutdura bilməz. Amma onun xatirəsinin yad edilməsi bizi ovundurur. Elə bilirəm ki, bu gün Çingiz burada, bizim aramızdadır. Adil müəllimə, bütün qonaqlara təşəkkür edirəm".

"Çingizin yuxuda həmişə uşaqlığını görürəm"

Nailə ana artıq dörd aydır ki, ilki olan Çingizsiz yaşadığını desə də, bu vaxtda Milli Qəhrəmanın heç unudulmadığından qürurla danışır: “Ana üçün övlad acısı, övlad itgisi çox ağırdır. Amma Çingiz şəhid olandan hamı mənimlə bu acını paylaşır. Məni tək qoymurlar. Dərdimə hamı şərik olur. Bütün bunlar mənə mənəvi dəstək verir”.
Çingizlə ancaq yuxularda görüşdüyünü söyləyən Nailə Qurbanova, onunla hər görüşündən bir uşaqlıq xatirəsi boylandığını söyləyir: “Bilmirəm niyə, amma Çingizin yuxuda həmişə uşaqlığını görürəm. Qusarda gənclərin həqiqi hərbi xidmətə yola salma mərasimi idi. Biz də o tədbirə qatılmaq üçün ötən gün Qusara gəlmişdik. Kəndə evimizə getmişdim. Divara Çingizin şəklinə baxa-baxa onu yuxuda görməyimi arzulayırdım. Ümumiyyətlə onu tez-tez yadıma salıb, şəkillərinə baxıram ki, heç olmasa yuxuda balamı görüm. Bundan sonra onu canlı görə bilməyəcəyimi artıq qəbul etmişəm. Bilirəm ki, Çingizimlə görüş yeri ancaq yuxularımdır. O gün də Çingizin uşaqlığını gördüm. Gördüm hər yer düm ağ qara bürünüb. Çingiz də qarda oynayır. Uşaq vaxtında olduğu kimi qarda sürüşür. Çingizim qarı çox sevirdi. Böyüyəndə də balaca vaxtında olduğu kimi qar yağanda sevincinin həddi-hüdudu olmurdu”. 
Nailə Qurbanova Çingizin uşaqlıqdan silaha həvəsi olduğunu da deyir: “Uşaq vaxtı da taxtadan silah düzəldərdi. Onun taxtadan düzəltdiyi silahlarla oynadığı yerləri görəndə uşaqlığı yadıma düşür. Özümü bircə onunla ovundururam ki, Çingiz bu torpaq uğunda şəhid olub.Tək təsəlli yerimiz onun ucaldığı zirvədir”.

"Deyirdi hər şey yaxşı olacaq"


Nailə ana Çingizlə son telefon danışığının dekabrın 26-ı  axşam saatlarında olduğunu söyləyir. Onun sözlərinə görə, Çingiz öləcəyi ürəyinə damıbmış kimi bütün qohum-əqrabanın kefini xəbər alıb: “Son danışığım oldu o gün Çingizlə. Bir saata qədər danışdı mənimlə. Hamını soruşdu. Dedim hamını xəbər alırsan özün necəsən? Dedi necə olacam bomba kimi. Bu sözünə çox gülürdüm. Nə vaxt soruşsan deyirdi ki, bomba kimiyəm. Qəti şikayəti yox idi. Mənə də hər danışanda deyirdi hər şey yaxşı olacaq. Böyük ümidim vardı Çingizə. Mənfur düşmən gözümdə qoydu. Mənə dediyi vədlərə əməl edə edə bilmədi. Amma Vətənə verdiyi sözə xilaf çıxmadı balam. Deyirdi ki, ölənə qədər, son damla qanıma qədər Vətən üçün döyüşəcəm. Bütün Azərbaycan, Qusar fəxr edir Çingizlə. Mənə təsəlli verən də elə bircə budur”.

Elə tədbirdəcə Çingizin atası Salman dayı ilə həmsöhbət oluruq. Deyir Milli Qəhrəman atası, şəhid atası başını dik tuta gərək: “Övlad acısı çox ağırdır. Amma təsəllimiz var ki, o sadəcə ölməyib. Ölümü ilə ən uca zirvəni fəth edib". Çingizin atası ölkə başçısından, hər kəsdən diqqət-qayğı, mənəvi dəstək gördüklərini deyir: “Sağ olsun Ali Baş Komandan İlham Əliyev. Onun ailəmizə diqqəti böyükdür. Bu yarışın təşkilinə görə də, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə minnətdaram”.

"O əsl qardaş adına layiq qardaş idi”

Çingizin qardaşı Beydulla isə hələ də onun yoxluğu ilə barışa bilmədiyini deyir: “Çingiz arxa-dayağım idi. Mən dayağımı itirdim. O əsl qardaş adına layiq qardaş idi”.
Beydulla Çingiz Qurbanovla ən böyük xatirələrinin uşaqlıq illərinə düşdüyünü söyləyir: “Çingiz yaxşı futbol oynayardı. Futbolu çox sevirdi. Mənə də öyrətmişdi oynamağı. O günlər yadıma düşəndə Çingizin yoxluğu məni çox kövrəldir”.
Beydulla Çingizin onu qoruduğundan da danışır: “Həmişə gözü üstümdə idi. Uşaqlıqda mənimlə dalaşan olan kimi dərhal məni qoruyurdu”.

 Beş gündən sonra məzuniyyətə gələckdi amma...


Beydulla ilə söhbət zamanı öyrənirik ki, Çingizlə son danışığı dekabrın 28-də axşam saat 10 radələrində olub: “Telefonla söhbət etdik. Dedi hər şey yaxşıdır. Xidmətini davam etdirir. Beş gündən sonra məzuniyyətə gələcəkdi. Amma heç nəşi də gəlmədi”.
Beydulla deyir ki, Çingizin nəşi düşmən əlində olanda yuxuda qardaşını görüb: “Mənə görüş yeri təyin etdi ki, gələrsən görüşərik. O gün bilirdik ki, Çingizin nəşini qaytaracaqlar. Amma baş tutmadı həmin gün”.
Beydulla Çingizin böyük arzularının olduğunu da söyləyir: “Çingiz magistraturaya daxil olmaq arzusundaydı. Amma diplomunu almaq qismət olmadı”. 

Çingizin məşqçisinin Milli Qəhrəmanla bağlı xatirələri...

Milli Qəhrəmanın yoxluğu onun digər yaxınları kimi kikboksinq idman növü üzrə müəllimi Vüsal Səfiyevi də üzür. Vüsal Səfiyev kikboksinq idman növü ilə Çingizin bir ilə qədər müddətdə məşğul olduğunu söyləyir: “Çingiz kikboksinq idman növü ilə həvəskar məşğul olurdu. Özü də deyirdi ki, “mən bu idman növünü özümü müdafiə üçün öyrənirəm”. Amma bir dəfə də məşqlərə gecikməzdi. Çox məsuliyyətli idi”.
Çingiz Qurbanovun məşqçisi əsgər getdikdən sonra da, onunla əlaqə saxladığını söyləyir: “Ölümündən bir həftə əvvəl danışmışdıq Çingizlə. Heç nədən şikayəti yox idi. Nə soruşsan, “hər şey yaxşıdır” cavabını verirdi”.
Vüsal Səfiyev qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan aprel döyüşlərinin Çingizi çox təsirləndirdiyindən danışır: “Aprel döyüşləri onda düşmənə qarşı qisas hissi oyatmışdı. Qisasını da aldı düşməndən”.
Qeyd edək ki, Çingiz Texniki Universitetin xüsusi texnika və texnologiya fakültəsini bitirmişdi. Yaşasaydı hərbi mühəndis olacaq, Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində bir mütəxəssis olaraq çalışacaqdı. Tale Çingizə düşmənin həmlələrini dəf etmək, torpaqlarımızın müdafiəsi üçün hərbi texnika, silah istehsalında öz töhvəsini verməyi etməyi nəsib etmədi. Amma talehinə bundan da şərəfli işi, Vətən uğrunda döyüşərək şəhidlik kimi ali zirvəyə ucalmağı yazdı. Kim bilir bəlkə də, Çingiz elə bəlkədə bu məqsədlə bu sahəni seçmişdi...

Bakı-Qusar-Bakı
Zülfiyyə QULUYEVA     

Sizin Reklam Yeriniz