“Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, buna görə də bəzi hallarda həkimlərimizin təyin etdiyi dərmanlar o qədər effekt vermir: “Buna görə həkimlər tərəfindən xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməlidir”.
Səsləndirilən fikri tibb mütəxəssisləri ilə dəyərləndirməyə çalışdıq. Ekspertlər isə məsələ birmənalı yanaşmırlar. Belə ki, tibbi ekspert, professor Adil Qeybulla bildirdi ki, ümumiyyətlə, Azərbaycanda üçüncü ölkələrdə istehsal olunan dərmanların payı həddindən artıq çoxdur: “Birbaşa Avropa istehsalı olan dərmanlar Azərbaycanda azdır. Çünki Avropanın daxili bazarında dərmanlar çox bahadır. Ona görə də dərmanların böyük əksəriyyəti Hindistanda, Fillipində və s. ölkələrdə istehsal olunanlardır. Çində də dərman istehsal olunması mümkündür. Orada zavod fəaliyyət göstərir. Amma işin təhlükəli tərəfi odur ki, dərman maddələrinin keyfiyyət parametrinə nəzarət zəif yetərli deyil. Çünki bəzi dərman maddələri işləndikdə keyfiyyətsiz olduğu açıqca hiss olunur. Əsas bu məsələ narahatçlıq doğurur. Təəssüf ki, bəzi dərmanların tərkibində təsiredici maddənin azlığı bir tərəfə, istehsal şəraitində texniki şərtlərə nə qədər riayət olunması sual altındadır”.
Profssor əlavə etdi ki, ümumiyyətlə, digər ölkələrdə qablaşdırma təcrübəsi var: “Əlbəttə, ölkə inkişaf etdikcə, qanunlara riyaət olunanda bu məsələlərə nəzarət yüksək səviyyədə həyata keçirilir. Lakin üçüncü ölkələrdə bu nəzarətin hansı səviyyədə olmasını demək çətindir. Narahatçılıq doğuran amil məhz budur”.
Digər tibbi ekspert, kardioloq Rasif Bağırov isə fərqli mənzərənin yaşandığını düşünür. Belə ki, həkim Çində istehsal olunan dərmanın Avropada yox, Avropa istehsalı olan dərmanın Çində qablaşdırıldığını deyir: “Adətən, bu cür olur. Dünyanın aparıcı farmokoloji şirkətləri Avropa və ABŞ-da yerləşib. Çində isə dərman istehsalı zəif inkişaf edib. Avropada işçi qüvvəsi baha olduğuna görə həmin zavodlar işçi qüvvəsinə sərf olunan pulun həcmini azaltmaq üçün Çində, Hindistanda filiallar açırlar. Həmin ölkənin vətəndaşlarından ucuz işçi qüvvəsi kimi istifadə edirlər. Tibb işçilərində isə hansı firmanın dərmanının harada istehsal olunması barədə məlumatlar olur. Lakin Hindistanın, Çinin istehsalı olan dərmanın Avropa ölklərində qablaşdırılması real görünmür. Qablaşdırılma kiminsə əməyini mənimsəməkdir. Bu isə Avropa ölkələri üçün xarakterik hərəkət deyil.
İkinicisi, Avropada ictimai nəzarət həddindən artıq güclüdür. Orada media, qeyri-hökumət təşkilatları idarəetməni ciddi nəzarət saxlaya bilir”.
Mübariz BAYRAMOV