Azərbaycanda 3200-ə yaxın hemodializ xəstəsi var. Bu barədə Movqe.az-a məlumatı Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev verib. F. Babayev bildirib ki,böyrək köçürmək dializdən asılı xəstələrin çoxunun arzusu olsa da, onların bu istəyini həyata keçirmək bəzən mümkünsüz olur: "Ölkə qanunvericiliyə görə, böyrək üçün donorluğu ancaq xroniki böyrək xəstələrinin ailə üzvləri edə bilər. Ona görə də, dövlət hesabına böyrək köçürülməsi üçün müraciət edən xəstələrin çoxunda pulsuz böyrək köçürmə əməliyyatını gerçəkləşdirmək olmur. Ötən il 52 xəstəyə dövlət hesabına böyrək köçürülüb. Donorluğu onların ailə üzvləri edib".
F. Babayev böyrək köçürülməyən xəstələrin isə ölkə üzrə 38 hemodializ mərkəzində dializ aldığını bildirdi. Onun sözlərinə görə bu mərkəzlərdən 7-i Bakıda pulsuz olaraq hemodializ xəstələrinə xidmət göstərir.
Zülfiyyə QULUYEVA