"Bu gün dünya üzrə 400.000-dən çox hemofiliyalı xəstə var. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Aprelin 1-nə olan statistikaya əsasən, mərkəzdə 1554 nəfər xəstə dispanser qeydiyyatındadır" .
Movqe.az-ın məlumatına görə, bu sözləri Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib. O, bildirib ki, xəstələr arasında 1-5 yaş arası olanların sayı 113, 5-15 yaş arasında olanlar isə 222 nəfər təşkil edir: "Bakı üzrə 738, Sumqayıtda 76 nəfər xəstə var. Ümumilikdə isə Mərkəzi Aran, Bakı və Sumqayıtda xəstələrin sayı artıb.Əgər dünyada 60 qadın hemofiliyalı xəstə varsa, onların 6-sı Azərbaycanda qeydiyyatdadır. Bu da ölkəmizdə qohumların nikahının çox yayılması ilə əlaqədardır”.
Hemofiliyanın ağır irsi qan azlığı xəstəliyinin olduğunu söyləyən E. Qədimova bildirib ki, hemofiliyalı xəstələr əsasən oğlan uşaqları olur: “Analar bu xəstəliyi uşaqlarına ötürür. Amma elə bir genetik variantlar var ki, qız uşaqları da hemofiliyalı xəstə ola bilər. Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə qeydiyyata götürülür. Onların təxminən 25%-ə yaxınını 1-15 yaşlı uşaqlar təşkil edir”.
Zülfiyyə QULUYEVA