Əlaqə Arxiv
news Image
2017.04.18
14:11
| A A A
Böyrək satanların elanı donor axtaranların imdadına yetişirmi?-ARAŞDIRMA

Bu günlərdə Mətbuat prospektində, Azərbaycan Nəşriyyatı binasının yanında ağaca vurulmuş bir elan diqqətimizi cəlb etdi. Elanda adı qeyd olunmayan şəxs böyrəyini satdığını, əlaqə nömrəsini göstərmişdi. Paytaxtda bu cür elanlara divarlarda, dalanlarda da rast gəlmək mümkündür. Bəs görəsən donor olmaq istəyənlərin sayının artması böyrəkköçürmədə donor problemini həll edə bilərmi? Movqe.az-ın əməkdaşı bununla bağlı araşdırma aparıb. 


Öncə qeyd edək ki, hazırda Azərbaycanda  xroniki böyrək çatışmazlığından əziyyət çəkən, həyatı dializdən asılı qalan 3200-ə yaxın hemodializ xəstəsi var. Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyir ki, onlar həftədə üç gün dializ almaq üçün hemodializ mərkəzlərinə üz tururlar. F. Babayev böyrək köçürülməyən xəstələrin ölkə üzrə 38 hemodializ mərkəzində dializ aldığını bildirdi. Onun sözlərinə görə bu mərkəzlərdən 7-i Bakıda pulsuz olaraq hemodializ xəstələrinə xidmət göstərir. Həmsöhbətimiz deyir ki, həyatını dializdən asılı keçirməkdən  
xilas olmaq istəyənlər isə böyrəkköçürmə üçün müraciət edir. F. Babayev bildirir ki,böyrək köçürmək dializdən asılı xəstələrin çoxunun arzusu olsa da, onların bu istəyini həyata keçirmək bəzən mümkünsüz olur: "Ölkə qanunvericiliyə görə, böyrək üçün donorluğu ancaq xroniki böyrək xəstələrinin ailə üzvləri edə bilər. Ona görə də, dövlət hesabına böyrək köçürülməsi üçün müraciət edən xəstələrin çoxunda pulsuz böyrək köçürmə əməliyyatını gerçəkləşdirmək olmur. Ötən il 52 xəstəyə dövlət hesabına böyrək köçürülüb. Donorluğu onların ailə üzvləri edib".


F. Babayev pulla böyrək donorluğu etmək istəyənlərin bu cür elanları donor sorağında olanların köməyinə yetişmir. Şöbə müdiri deyir ki, ölkə qanunvericiliyinə görə donorluq edən şəxs ancaq ailə üzvləri, qohumlar ola bilər: “Azərbaycan qanunvericiliyi, dünyanın bir sıra ölkələrində olduğu kimi yad şəxslərdən donorluğu qəbul etmir. Böyrəyə ehtiyacı olan xəstələrə də böyrəkköçürmə üçün ancaq donorluğu öz ailə üzvləri, yaxud da yaxın qohumları edə bilər. Əks halda böyrəyini pulla satanlar donor ola bilməzlər”. 
F. Babayev deyir ki, böyrək köçürmək üçün öz qohumlarından donor tapmayanların isə əlacı qalır, meyitdən orqan götürülməsi məsələsinin reallaşmasına. F. Babayevin sözlərinə görə, hələki, ölkəmizdə bu mümkün olmadığından, böyrək köçürmək üçün donor yolu gözləyənlər qohumlarının mərhəmətinə sığınmalıdırlar. 


Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev də deyir ki, ölkəmizdə dünyanın əksər ölkələrində olduğu kimi orqan satılması qadağandır və bu orqan alveri sayılır: “Azərbaycanda orqan köçürülməsi ancaq yaxın qohumlardan mümkündür. Donor qıtlığı problemini aradan qaldırmaq üçün iki məsələ öz həllini tapmalıdır. İlk növbədə icbari tibbi sığorta geniş tətbiq olunmalıdır ki, bu cür bahalı əməliyyatları gerçəkləşdirmək əlçatan olsun. Artıq orqan transplantasiyası ilə bağlı hüquqi baza var. Amma Nazirlər Kabineti beyin ölümünün kriteriyalarını müəyyənləşdirməlidir. Bunun üçün isə hökumət komissiya yaratmalıdır. Həmin komissiyanın tərkibinə həkimlər, hüquqşünaslar, QHT-lərin nümayəndələri, həmkarlar təşkilatları daxil olmalıdır. Xəstədə beyin ölümünün baş verib-vermədiyi barədə düzgün qərar verilməlidir. Burada ciddi qanun pozuntuları, cinayət hallarına yol verilə bilər. Beyin ölümü olmadıqda, adi travma ilə insan orqanın çıxardılaraq satılması  da baş verə bilər. Meyiddən orqan götürülməsi çox ciddi məsələdir. Bunu heç bir halda orqanı köçürəcək həkim bilməməlidir. NK beyin ölümünün kriteriyalarını müəyyən etməlidir ki, insan komada olduqda hansı hallarda orqan çıxardıla bilər. Bu zaman mütləq komada olan şəxsin beyninin geri dönmə ehtimalının olmadığı dəqiqləşməlidir”.  
M. Quliyevin sözlərinə görə, bu məsələdə icbari tibbi sığortanın işə düşməsi isə, bu cür bahalı əməliyyatların həyata keçirilməsində dövlətin üzərindən yükün götürülməsi və orqan köçürüldükdən sonra həmin şəxsin mütəmadi həkim nəzarətində olaraq lazımi dərman prepareatlarını qəbul etməsi üçün vacibdir:” Məlumdur ki, orqan transplantasiyası çox bahalı əməliyyatdır. Meyiddən orqan götürülərək donor problemi həll olunsa belə, bu əməliyyatların hamısı dövlət hesabına gerçəkləşdirilə bilməz. Buna görə də icbari tibbi sığorta da geniş tətbiq olunmalıdır. Həmin xərclər sığorta vasitəsilə ödənilməlidir. Orqan transplantasiyasından sonra xəstələr bir müddət dərman preparatları qəbul etməli, həkim müayinəsindən keçməlidirlər. Belə dərmanların qiyməti heç də ucuz deyil. Bütün bunları dövlət qarşılaya bilməz. Ona görə də bu iki məsələ paralel öz həllini tapmalıdır”.
Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması 1999-cu ildən başlayıb. Belə ki, həmin il “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.  2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub. Bunlar ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), qara ciyər, böyrək, mədəaltı vəz və onların seqmentləri, mədəaltı vəz onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi, gözün buynuz qişasıdır. 

Zülfiyyə QULUYEVA   

Sizin Reklam Yeriniz