Əlaqə Arxiv
news Image
2017.04.21
12:07
| A A A
Paytaxtda boşanmaların sayı artıb-ÖZƏL
Aynur Veysəlova: "2015-ci ildə isə paytaxtda boşananların sayı bir qədər də artaraq 4 min 253 olub"

Azərbaycan ailələri tarix boyu uzunömürlüyünə görə örnək sayılsa da, son illər boşanmaların sayında artım müşahidə olunur. Təkcə bu ilin iki ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb. Qurulan ailələrin sayının azalması, boşanmaların sayının artması artıq narahatlıq doğuran həddə çatıb. Bəs görəsən bağlanan nikahlar coğrafiyasına görə daha çox hansı bölgələrdə pozulur?  
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Movqe.az-a açıqlamasında bildirib ki, boşanmalara daha çox Azərbaycanın böyük şəhərlərində rast gəlinir. Həmsöhbətimiz deyir ki, hazırda boşanmaların sayında bağlanan nikahların sayına görə artım müşahidə olunur: “Biz bu gün bağlanan nikahların sayının azalması fonunda boşanmaların artdığını müşahidə edirik. Bağlanan nikahların sayının azalması, insanların getdikcə ailə qurmaq məsuliyyətindən çəkinməsi ilə əlaqədardır. O ki qaldı boşanmaların sayının artması dinamikasının ərazi üzrə bölgüsünə, demək olar ki, boşanmalara daha çox iri şəhərlərdə rast gəlinir. Amma buna baxmayaraq istər kənd, istər də şəhər yerlərində boşanmaların səbəbi təxminən eynidir. Kənd yerlərində qısqanclıq faktoru daha qabarıq şəkildə özünü biruzə versə də, şəhər yerlərində də bu cür səbəblər var. Bakı şəhərində boşanmaların sayı ildən-ilə artan xətt üzrə gedir. Paytaxtda 2000-ci ildə 2 min 672 boşanma faktı qeydə alınıbsa, 2010-cu ildə bu rəqəm 3 min 539-a çatıb. 2015-ci ildə isə paytaxtda boşananların sayı bir qədər də artaraq 4 min 253 olub. Ümumiyyətlə böyük şəhərlərdə əhalinin sayı çox olduğundan boşananların da sayı kənd yerləri ilə müqayisədə artıqdır. Gəncədə 2015-ci ildə 735, Şəkidə 210, Lənkəranda 188, Lerikdə 37, Masallıda 181, Xaçmazda 218, Bərdədə 182 olub. Amma elə rayonlar var ki, boşanmaların sayında azalma müşahidə olunur. Məsələn, Salyanda 2014-cü ildə 148 boşanma faktı qeydə alınıbsa, 2015-ci ildə bu rəqəm 134-ə düşüb. Yevlaxda da da boşanmaların sayında azalma var”.
A. Veysəlovanın sözlərinə görə, əhalinin az olduğu, hamının biri-birini tanıdığı kənd yerlərində boşanmalar az olur: “Çünki kənd yerlərində ictimai qınaq var. İnsanların çoxu biri-biri ilə qohumdurlar. İnsanlar fikirləşir ki, qohumlarının, ağsaqqalların qınağına tuş gələ bilər. Böyük şəhərlərdə isə insanların bu cür narahatlığı yoxdur. Çünki, şəhər böyük olduğundan hamı biri-birini tanımır. Bu rahatlıq da onların ailə ilə bağlı ürəyi istəyən qərarı verməsinə şərait yaradır. Onlar fikirləşir ki, öz həyatları ilə bağlı qərarları öz istədikləri kimi verə bilərlər və buna heç kəs qarışa bilməz. Bütün bunlar boşanmaların kənd və şəhər yerləri üzrə göstəricisinə təsir edir”.    
Baş məsləhətçi bu gün boşanmaların bir neçə səbəbinin olduğunu söyləyir. A. Veysəlova deyir ki, əsas səbəb kimi xasiyyətin uyğun gəlməməyi göstərilir: “Cütlüklər nişanlı vaxtlarda özlərinin ən yaxşı xasiyyətlərini göstərirlər. Birgə yaşayış zamanı isə onların xasiyyətlərinin üzdə göstərmədikləri tərəfləri ortaya çıxır. Təəssüflənəcək bir məqam da odur ki, bizdə ailə qurmaq deyəndə toy prosesi nəzərdə tutulur. Toyun keçiriləcəyi məkan, toya geyiniləcək paltarlar və sairə”.
Həmsöhbətimiz deyir ki, boşanmaların səbəbləri arasında pis vərdişlər, alkoqola meyillik, narkomaniyanın da payı var: “Araşdırmalar göstərir ki, bu cür ailələrdə boşanmalar elə valideynlərin üzündən baş verir. Öz övladının zərərli vərdişini görən valideynlər onu bu bəladan xilas etməyin yolunu evləndirməkdə görürlər. Amma növbəti bir ailənin bədbəxtliyinə səbəb olurlar. Bu kökündən yalnış yanaşmadır. Valideynlər ilk növbədə övladlarını zərərli vərdişlərdən çəkindirməli, daha sonra onların ailə həyatı haqqında düşünməlidirlər. Onsuz da bu cür nikahlar əksər hallarda uğurlu olmur”.
A.    Veysəlova sonsuzluğun da boşanma səbəbləri sırasında yer aldığını bildirir.
Həmsöhbətimiz buna rəğmən Azərbaycanda boşanmaların təbliğ olunmasının yolverilməz olduğunu, daim uzunömürlü ailələrin gənclərə örnək göstərilməli olduğunu söyləyir: “Hazırda bizim Komitə “Ailə Akademiyası” adlı layihəyə start verib. Bu layihə artıq üç rayonda keçirilib. Layihə çərçivəsində gənc ailələr uzunömürlü, nümunəvi ailələrlə görüşdürülür, onlar ailə təcrübələrindən gənclərə məsləhətlər verirlər: “Uzunömürlü ailənin sirlərini bölüşür, gənc ailələrə başa salırlar ki, buna bənzər çətinliklərlə onlar da evliliklərinin ilk illərində rastlaşıblar. Bu çətinlikləri əl-ələ verib dəf etməyin yollarından danışaraq gənc ailələrə ailəni qorumağın vacibliyini vurğulayırlar”.

Zülfiyyə QULUYEVA      

Sizin Reklam Yeriniz