Əlaqə Arxiv
news Image
2021.03.03
14:40
| A A A
Paytaxtın Nizami rayonunda ingilis layihəsinin tətbiqinə uğurla başlanılıb

2019-cu ilin iyulundan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin uğuru imkan verdi ki, bu layihənin növbəti mərhələsinə keçilsin. Görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində Nərimanov rayonunda xeyli irəliləyişlər əldə olunub. Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonu da bu layihəyə qoşulub.

Movqe.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işlərə hazırlıq ərəfəsində Nizami rayonunda 380 konteyner meydançası yaradılıb, orada iki rəngdə - yaşıl və narıncı rəngli yeni, müasir konteynerlər quraşdırılıb. Rayonda əhali arasında maarifləndirmə işləri aparılır. Sakinlərin rahatlığı üçün hər mənzilə yaşıl və narıncı rəngli çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılıb.

İlkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri təbliğat və izahetmə işlərində yaxından iştirak edirlər.

Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmət əməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinin təcrübəsini yaxından öyrənib, kommunal təsərrüfatı işçiləri və könüllülər müvafiq qaydada təlimatlandırılıblar.

Görülən tədbirlər nəticəsində yeni layihənin Nizami rayonunda tətbiqinin ilk günlərindən müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nizami rayonunda ilk gündə 12 ton çeşidlənmiş tullantı toplanaraq yığım məntəqəsinə təhvil verilib. Bu da, ilk növbədə, Nərimanov rayonunda əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Nizami rayonunun sakinləri ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.

Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və insanların sağlamlığının qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Sizin Reklam Yeriniz