Əlaqə Arxiv
news Image
2017.06.06
09:30
| A A A
Turist axını regionlarda kirayə qiymətlərini yüksəldir
Rəşad Əliyev: “Azərbaycanın təbiəti hətta vətəndaşlarımızın özləri üçün də olduqca cəlbedicidir” Müzəffər Ağakərimov: “İnsanların bu il xaricə yox, əsasən daxili bölgələrə üstünlük verdiyi müşahidə olunur”

Ölkənin bəzi regionlarında kirayə qiymətləri artıb. Bu, xüsusən də turistik bölgələrdə müşahidə olunur. Mütəxəssislər kirayə qiymətinin artımını tələblə əlaqələndirirlər. Nəzərə alaq ki, cari il ölkəmizə gələn turistlərin sayında artım var. Bundan başqa, artıq vətəndaşlarımız da xaricə yox, daha çox Azərbaycanın bölgələrində istirahətə üstünlük verirlər. 

“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki,  bu, əsasən yay turizm mövsümünün başlaması ilə əlaqədardır: “Onu da nəzərə alaq ki, Azərbaycanda son illər bölgə turizmi inkişaf etməyə başlayıb. Elə vətəndaşlarımız da məhz Azərbaycan daxilində, regionlarda istirahətə etməyə üstünlük verirlər. Bu da gözlənilən idi. Çünki xaricə getmək ötən illərə nisbətən baha başa gəlir. 
Dolların qiymətinin artması mövcud gəlirlər fonunda xaricdə istirahəti xeyli bahalaşdırıb. Bundan başqa, ölkəmizə güclü turist axını var. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər buna şərait yaradıb. Nəzərə alaq ki, bu cür tədbirlər bitməyib,  qarşıda “Formula-1” kimi digər yarışlar da var. Bütün bunlardan əlavə, bölgə turizminin inkişafı gözlənilən idi. Çünki Azərbaycanın təbiəti hətta vətəndaşlarımızın özləri üçün də olduqca cəlbedicidir. Turizm sektorunda infrastruktur baxımından da inkişaf var. Bundan başqa, məsafənin yaxın olması xaricdənsə, regiona üz tutanların sayının artmına kömək edir. Bütün bunlar isə kirayə evlərinə tələbatı artırır. Nəticə kirayə qiymətlərinin bahalaşması ilə müşahidə olunur”. 
Rəşad Əliyev əlavə etdi ki, kirayə qiymətlərinin artımı uzunmüddətli olmayacaq: “Çünki qiymətlərin artımı  mövsümi xarakter daşıyır. Regionlarda kirayə qiymətlərinin hansı istiqamətə dəyişəcəyini bilmək üçün Bakıdakı bağ evlərinin kirayə qiymətlərinə diqqət etmək kifayətdir. Bakıda bağ evlərinin kirayə qiymətləri qışda düşür, yayda qalxır. Çünki qış dövründə ora tələbat olmur. Odur ki, turizm bölgələrindəki kirayə qiymətləri də bu formada dəyişəcək. Qış fəslində turistik bölgələrə maraq qismən azalır. Ancaq qış turizminin inkişaf etdiyi bölgələrdə qiymətlər arta bilər. Yəni, kirayə qiymətlərini mövsümi xarakterlidir”. 
Azərbaycan Turizm Assosiasiyyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ölkənizdə keçirilən şopinq festivalı, "Bakı2017" İslam Həmrəyliyi Oyunları ərəb ölkələri ilə yanaşı, Rusiyadan və Avropa ölkələrindən turistlərin gəlişini artırıb: “Hələ qarşıda “Formula-1” yarışı var. 
Artan turist sayı otelərə yanaşı, kirayə bazarına da qiymətləri yüksəldib. Tələbat artdıqca qiymətlərin artması istisna edilmir. Ancaq burada təkcə xaridən gələn qonaqla rol oynamır. 
Yerli əhalinin hesabına da regionlarda kirayə evlərə tələb yüksəlib. Xüsusən də turizmin inkişaf etdiyi bölgələrdə kirayə evlərinin qiyməti bahalaşıb. İnsanların bu il xaricə yox, əsasən daxili bölgələrə üstünlük verdiyi müşahidə olunur. Bu, həm dolların məzənnəsi, həm də məsafənin yaxın olması ilə bağlıdır. Regiona axının artması həmin bölgələrdə qiymətləri artırıb”. 

Mübariz BAYRAMOV 

 

 

 

Sizin Reklam Yeriniz