Əlaqə Arxiv
news Image
2017.10.06
09:22
| A A A
Şamaxı Safari Parkı Azərbaycana daha çox turist cəlb edəcək
Müzəffər Ağakərimov: “Safari üçün başqa ölkələrə gedən turistlər Azərbaycana da səfər edəcəklər” Bahadur Bilalov: “Turizmin ayrı-ayrı növlərinin inkişaf etdirilməsi bütövlükdə ölkə turizminin yüksəlişinə gətirib çıxarır”

Azərbaycanda yeni turizm növü fəaliyyətə başladı. Şamaxıda Safari Parkının açılması turizmin inkişafında yeni mərhələ kimi dəyərləndirilir. Mütəxəssislərin fikrincə, ekoturizmin Azərbaycanda fəaliyyətə başlaması ölkədə turizmin inkişafında mühüm rol oynayacaq. Daha çox turistin gəlməsini şərtləndirən amilə çevrilə biləcək. 

Azərbaycan Turizm Assosiasiyasının müşaviri  Müzəffər Ağakərimovun sözlərinə görə, Şamaxı Safari Parkının fəaliyyətə başlaması ölkmizdə turizmin inkişafında böyük rol oynayacaq: “Çünki hər bir yeni xidmət turizm sahəsinə yenilik gətirir ki, bu da əlavə  turist deməkdir. Turistlər müxtəlif zövqlərə, maraqlara malikdirlər. Biri dağ turizmini, biri safari, başqa biri isə biznes və digər turizmi xoşlayırlar. 
Ümumiyyətlə, bütün turizm növləri Azərbaycana gələn turistlərin sayını artırır.  Safari üçün başqa ölkələrə gedən turistlər Azərbaycana da səfər edəcəklər. Ümumiyyətlə, safari turizmini tək Şamaxıda yox, şərait olan Azərbaycanın bütün bölgələrində açmaq olar. Bununla da turistlərin Azərbaycanın müxtəlif regionlarına üz tutmasına şərait yaranacaq. Bu da həmin regionun iqtisadi inkişafında mühüm rol oyanacaq. Turizmin inkişafı həmin regionda, infrastrukturun yenilənməsinə şərait yaradacaq. Ona görə də bu cür turizm növlərinin açılışı iqtisadiyyat üçün müsbət haldır. 
Nəinki safari turizmi, turizmin müxtəlif sahələrini inkişaf etdirməklə, ölkəmizə gələn turistlərin sayını artırmaq olar. Turistlər istəklərinə uyğun olaraq müxtəlif turizmlərlə maraqlanırlar. İnsanlar safari turizmi üçün hətta Afrika ölkələrinə gedirlər. Azərbaycan da Qərblə Şərqi birləşdirən körpü rolunu oynayır. Həmçinin sabit ölkə kimi daha çox turist cəlb edə bilərik. Bunun üçün safari turizmini genişləndirmək, orada olan qoruqları daha da inkişaf etdirmək lazımdır”. 
Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, istənilən bu kimi tədbirlər Azərbaycanda turizmin inkişafı artıq dövlət səviyyəsində prioritet sahə kimi qəbul edildiyini bir daha sübut edir: “Ona görə də təkcə ölkə Prezidenti yox, aidiyyatı qurumlar, hətta adi vətəndaşlar belə turizmin inkişafında öhdəliklərinə düşən vəzifələri icra etməlidirlər. Safari turizmi dünyada geniş yayılıb. Odur ki, Şamaxı Safari Parkının açılışı turizmin inkişafında önəmli rol oynayacaq”.
Müsahibimiz əlavə etdi ki, turizmin ayrı-ayrı növlərinin inkişaf etdirilməsi bütövlükdə ölkə turizminin yüksəlişinə gətirib çıxarır: “Təsadüfi deyil ki, Rusiya mətbuatında Azərbaycan müalicəvi-sağlamlıq turizmində tələb səviyyəsinə görə, beşinci yerdədir. Faktiki olaraq, ölkədə sağlamlıq turizmin ənənələrini bərpa etmək üçün ölkə rəhbərliyi səviyyəsində təşəbbüslər həyata keçirilir. Naftalanda, “Duzdağ”da, “Qalaaltı”nda müasir standartlara cavab verən gecələmə yerləri inşa olundu. Nəzərə alaq ki, Naftalan sağlamlıq mərkəzinin dünyada analoqu yoxdur. Sözügedən mərkəz il ərzində kifayət qədər xarici qonaq qəbul edir. Şamaxı Safari Parkı da safari turizmi həvəskarlarının ölkəmizə gəlməsinə stimul verəcək”. 
 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz