Əlaqə Arxiv
news Image
2018.05.02
09:40
| A A A
MDB ölkələrindən də Azərbaycana üz tutanların sayı sürətlə artır
Bahadur Bilalov: “Bu, gələcəkdə də artmaqda davam edəcək” Müzəffər Ağakərimov: “Azərbaycanın sabitliyi, turizm infrastrukturu onları cəlb edə bilib”

Məlumdur ki, hər növbəti il ölkəmizə gələn turistlərin sayında artımlar olur. Gələn turistlərin coğrafiyası da genişlənməkdədir. Ən böyük artım isə ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında qeydə alınıb. Belə ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 45% artım müşahidə olunub. 

Qeyd edək ki, digər MDB ölkələrindən, o cümlədən Rusiyadan da gələn turistlərin sayında artım var. Mütəxəssislərin fikrincə, bunu şərtləndirən səbəblər çoxdur. İlk növbədə ölkədəki sabitlik, daha sonra isə yüksək turizm infrastrukturu göstərilir. Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirdi ki, son zamanlar dünyanın müxtəlif ölkələrində Azərbaycanla bağlı turizm sərgiləri keçirildi: “Bunun nəticəsində Azərbaycan yeni turizm məkanı kimi xarici ölkələrdə maraq doğurmağa başlayıb. Həmin sərgilərdə dövlətlə yanaşı, müxtəlif turizm şirkətləri də iştirak edir. Sərgilər isə bir neçə ildən sonra nəticə verməyə başlayır. 
Digər tərəfdən Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin dünyanın müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması Azərbaycana diqqəti, marağı artırır. Bütün bunların da nəticəsində ölkəyə gələn turistlərin sayında artım qeydə alınır”.
Bahadur Bilalov əlavə etdi ki, MDB ölkələrindən bu qədər turistin gələcəyi gözlənilən idi: “Adətən turistlər qonşu ölkələrə getməyə üstünlük verirlər. Çünki turun qiymətinin əsas hissəsini nəqliyyat xərcləri təşkil edir. O baxımdan qonşu ölkələrdən Azərbaycana gələnlər daha çoxdur. Eyni zamanda azərbaycanlılar da əsasən qonşu dövlətlərə üz tuturlar. Uzaq ölkələrdən də, məsələn Çindən Azərbaycana gəlmək üçün artıq İpək Yolu fəaliyyətə başlayıb. O baxımdan çinli turistlərin sayının artması da başadüşüləndir. Buna bir səbəb də Çində keçirilən sərgilərdir. Bütün bunların nəticəsidir ki, Azərbaycana gələn tuiristlərin sayında kəskin artım müşahidə olunur. Bu, gələcəkdə də artmaqda davam edəcək”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, əvvəllər MDB vətəndaşları adətən Türkiyəyə, digər yaxın turistik ölkələrə üz tuturdular: “Lakin son illər həmin turistik bölgələrdə ictimai-siyasi vəziyyət sabit deyil. Hətta bəzilərində terror hadisələri baş verdi. Turist isə sabitliyi seçir. Bu fonda Azərbaycanı seçmələri təbii haldır. Azərbaycanın sabitliyi, turizm infrastrukturu onları cəlb edə bilib. 
Bundan başqa, Azərbaycanda qiymətlər də münasib hesab olunur. Həmçinin regionlarda artıq qonaqları qarşılamaq üçün şərait formalaşıb. Eyni zamanda məsafə yaxınlığı, viza rejiminin olmaması bunu şərtləndirən səbəblərdəndir. Nəzərə alaq ki, Qazaxıstan turistləri Naftalana daha çox üz tuturlar. Yəni, müalicəvi turizmə üstünlük verirlər. Din, mentalitet, tarixi yaxınlıq da qazaxıstanlı turistər üçün Azərbaycanı cəlbedici ölkəyə çevrib. Bu fonda növbəti illərdə də MDB məkanından ölkəmizə gələn turistlərin sayının artması istisna edilmir.  Artıq Şimali Qafqaz ölkələrindən gələn turistlərin də sayında artım var”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz