Əlaqə Arxiv
news Image
2018.11.23
10:00
| A A A
Azərbaycan turizmin qibləgahına çevrilir
Ölkəmizə xaricdən səfərə gələnlərin sayı durmadan artır

“Bakı artıq dünya turizminin Məkkəsinə çevrilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən də bu möhtəşəm, gözəl şəhərə səfər edən rusiyalıların sayının maksimum çox olmasında maraqlıyam”. Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada keçirilən “Nəqliyyat həftəsi 2018” beynəlxalq sərgisində deyib. Onun sözlərinə görə, Azərbaycanın gözəl güşələrində - buraya dağ-xizək kurortları və digər unikal təbii landşaftlar daxildir - olmaqla oralara vurulmamaq mümkün deyil: “Özümdən bilirəm ki, bir dəfə Azərbaycana səfər etməklə ona vurulursan. Çox sayda rusiyalı Azərbaycanın gözəllikləri və paytaxt Bakı haqqında eşidiblər, amma əminəm ki, cəmi bir dəfə səfər etməklə onlar bu şəhərə və ölkəyə aşiq olacaqlar”.

Əcnəbi deputatın dedikləri etik davranışdan doğan xoş sözlər olmaqla kifayətlənmir. Bu fikirlərin dəyəri həqiqət əks etdirməsidir. Igır bu ilin 10 ayının statistikasına nəzər salsaq ölkə turizm sənayesinin inkişaf sürəti ilə ilkin təsəvvürlər əldə etmək olar.
2018-ci ilin 10 ayında Azərbaycana ümumi turizm axını 6,1% artıb, turistlərin sayı 2,277-dən 2,416 milyona çatıb. Dövlət Turizm Agentliyi bildirir ki, yanvar-oktyabr aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 330 min vətəndaş gəlib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 42% çoxdur. Onların əksəriyyəti Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib. Birinci yeri isə Rusiya vətəndaşları tutub - 752 min nəfər (31%). Bu, ötən ildə olduğundan 3,3% çoxdur. Hindistan və Pakistandan da turist axını 183% və 149% artıb.
Belə bir sürətli axının yaranması ilk əvvəl turizm sənayesinin inkişafına hökumətin prioritet münasibət bəsləməsidir. Çünki, bu sənaye sahəsi öz ekoloji təmizliyi, innovativliyi, informativliyi, interasiyalılığı və ən əsası yüksək gəlirliyidir. Azərbaycanın müvafiq strukturları bu istiqamətdə ciddi tədbirlər həyata keçirir, dövlət isə strukturu beynəlxalq standartlara yaxınlaşdırmaq üçün təkmilləşdirir. 
Bu ildən Azərbaycanda Dövlət Turizm Agentliyi fəaliyyətə başlayıb. Bu struktur bütünlükdə turizm sənaye üzrə meydana çıxan problemlərin həlli və işin düzgün istiqamətdə inkişafı ilə məşğul olur. Ölkəmizin bu sənaye sahəsində fəaliyyətini təzəlikcə genişləndirməsi xarici təcrübənin öyrənilməsini və tətbiqini gündəmə gətirib. Təsadüfi deyil ki, DTA-ya Avstriya vətəndaşı, turizm mütəxəssisi Florian Zenqstşmid rəhbərlik edir. 
Turizmin inkişafı üzrə yol xəritəsinə görə, 2020-ci ildə Azərbaycanda turislərin sayının 4 mln.-a, 2023-24-cü illərdə isə 6 mln.-a çatdırılması planlaşdırılır. Azərbaycanda turizm neft-qaz sektorundan sonra iqtisadiyyatın ikinci gəlir sahəsi qismində qiymətləndirilir. Bu məqsəd çoxdan qarşıya qoyulub. Lakin həlledici addım atmaq mümkün olmayıb. Çünki, turizm sənayesi qomaqoərvərlik əsasında yüksəlir. Qonağı isə boş əllə qarşılamaq baş ucalığı gətirmir, yəni bu işdə uğur qazanmaq üçün müvafiq hazırlıq işləri görülməlidir. 
2016-cı ilədək Azərbaycanda turistlərin qəbulu üçün əsas şərait yaradılıb: ixtisaslı kadrlar hazırlayan Turizm İnstitutu yaradılıb, Bakının və digər şəhərlərin mərkəzi hissəsinin xarici görünüşü yaxşılaşdırılıb, otellər inşa edilib, siyasi qərarlar qəbul edilib, struktur islahatları aparılıb. Görülən işlər sayəsində Azərbaycanın beynəlxalq turizm brendi təsdiqlənib, Turizm İnstitutu Turizm Agentliyinin tabeliyinə verilib. Azərbaycan otellərinin ixtisaslı kadrlarla təmin olunması probleminin həlli üçün ciddi addımlar atılır.
Tarixi abidələrin səhmana salınması, təbiət qoruqlarının zənginliyinin təmin edilməsi, muzeylərin, əyləncə mərkəzlərinin işinin təkmilləşdirilməsi, xüsusilə turist marşrutları üzərində kamil proqramlar hazırlanması sürətlə davam edir. Bu işdə gəzinti üçün istiqamətverici işarələrlə bol olan meşə cığırlarının tərtibi, xaricilərin çox sevdiyi pik-nik (təbiət qoynunda əyləşib nahar etmək) yerlərinin təşkili üçün müvafiq strukturlar fəal çalışırlar.
Azərbaycanın tarixi kimi təbiəti də zəngin və gözəldir. Bu isə turizmin qibləgahına çevrilməsi üçün ölkəmizin əlində olan zəngin resurs deməkdir. 
N.NOVRUZ 

Sizin Reklam Yeriniz