Əlaqə Arxiv
news Image
2016.10.19
10:52
| A A A
Naxçıvanın şəfa mərkəzi
Xəstədən çox turist gəlir...

20 nəfərlik heyətlə Naxçıvana gələn müxtəlif media orqanlarının rəhbərləri bu gözəl diyarın hər yerindən keçmişə boylanan bir pəncərə olduğundan, Naxçıvanın inkişaf etməklə yanaşı, öz qədimiliyini də qoruyub saxladığından, keçmişinə sahib çıxdığından ağızdolusu danışırdılar. Səfər çərçivəsində bir daha şahidi olduq ki, qədimiliyi ilə fərqlənən, mədəni, tarixi abidələri ilə özündə tarix yaşadan bu diyar sən demə, həm də böyük turizm potensialına malik imiş. Burada hətta elə yerlər var ki, həm turizm baxımından əvəzsizdir, həm də şəfa ocağı kimi hər il yüzlərlə insanı özünə cəlb edir. “Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır” məsəlinə əməl edib, yollanırıq Naxçıvanın adı dillərdə gəzən, tərifi ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda dolaşan, məşhur Duzdağ Fizioterapiya Mərkəzinə. O Duzdağ ki, neçə-neçə xəstənin dərdinə carə olaraq onları dünyanın ən böyük neməti olan can sağlığına qovuşdurub. Davasız, dərmansız... Eləcə unikal duz mağarasının möcüzəvi havası ilə...

Yol abad, söhbət şirin olduğuna görə, mənzil başına necə çatdığımızı hiss etmədik. Bir də gördük ki, artıq Duzdağ Fizioterapiya Mərkəzinin qarşısındayıq.

Möcüzəli duz mağarası...

Duzdağ mağarasına çatmamış gözümün önündə enişli-yoxuşlu, kələ-kötür yollu bir mağara canlandırsam da, xəstələrin müalicəsi üçün hər bir şəraiti olan xəstəxana ilə qarşılaşdım. Yeganə fərq bu şəfa ocağının yerin altında qərarlaşması idi. Tavanı və divarları sal və kələ-kötür daş duzlardan ibarət olan bu mərkəz xəstələrin dincəlməsi, müalicə alması üçün bütün zəruri avadanlıqlarla təhciz edilmişdi.
Duzdağ Fizioterapiya Mərkəzi ilə daha yaxından tanış olmaq üçün bu şəfa ocağının baş həkimi Zülfiyyə Həsənova ilə söhbətəşirik. Z. Həsənova bizə Duzdağ mağarasının unikallığı barədə məlumat verərək buradakı duz qatının qalınlığının 8,2 metr olduğunu söyləyir. Bu fizioterapiya mərkəzinin daha bir unikallığı isə ilin bütün fəsillərində temperaturun dəyişməz qalmasıdır: “Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir”.
Həmsöhbətimiz deyir ki, bura müraciət edən xəstələr, əvvəlcə 2-3 gün xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra böyüklərə və kiçiklərə ayrı-ayrılıqda müalicə kursu təyin edilir. Z. Həsənovanın sözlərinə görə, maksimal olaraq müalicə kursu 14 gün təşkil etsə də, hər xəstəyə xəstəliyin gedişatına və yaşına görə ayrıca müalicə kursu təyin edilir. Onun sözlərinə görə, uşaqlar əsasən 8 gün olmaqla, gün ərizində 2-3 saat duz mağarasında qala bilərlər: “Böyüklər axşam saatlarında, uşaqlar isə gündüz saatlarında 10-15 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 85 faiz, uşaqlarda isə 99 faizə qədər yaxşılaşma qeydə alınır”.


Z. Həsənova deyir ki, buna səbəb uşaqlarda xəstəliyin yeni baş qaldırmasıdır: “Xəstə nə qədər tez, xəstəlik ağırlaşmamış müraciət edərsə, effekt də bir o qədər çox olar”.
Baş həkim Duzdağ Fizioterapiya Mərkəzinə əsasən həkim göndərişi ilə gəlməyin məsləhət olduğunu söyləyir. Onun sözlərinə görə, bu zaman diaqnoz əsasında xəstəyə müalicə kursu tətbiq etmək daha asan olur: “Bəzi xəstələr var ki, özləri bura müraciət edirlər. Biz bu zaman onlarda xəstəliyin hansı mərhələdə olduğunu, xəstəliyin kəskin, yoxsa remissiya dövründə olduğunu öyrənmək üçün analiz, kliniki müşahidə aparmalı oluruq. Amma yaxşı olar ki, xəstələr öz qeydiyyatda olduqları polikilinikanın, xəstəxananın göndərişi əsasında, dəqiq diaqnozla bizə müraciət etsinlər. Bu zaman özlərinin də, bizim də işimizi asanlaşdırmış olarlar”.
Mərkəzin baş həkimi deyir k, bura müalicə üçün gələnlər xəstəliyin ağırlaşmadığı, remissiya dövründə müraciət etsələr daha yaxşı olar.
“Mərkəzdə vərəmli xəstələri də müalicə edirsinizmi” sualımıza baş həkim yox cavabı verir. Z. Həsənova deyir ki, Duzdağ Müalicə Mərkəzi vərəmli xəstələrin şəfa tapacağı ocaq deyil: “Bəzən belə vərəmli xəstələr bizə müraciət edir. Biz onları başa salırıq ki, sizə günəşli hava lazımdır. Mağarada onların tutmaları, nəfəs alma daha da ağırlaşa bilər”.

Kimlər şəfa tapa bilər?

Bəs görəsən Duzdağ Fizioterapiya Mərkəzində əsasən hansı xəstələr şəfa tapa bilər? Z. Həsənova bildirir ki, allergik astma və xroniki bronxiti olan xəstələrdə şaxta havası daha çox effekt verir: “Bronxial astmalı şəxslərdə spleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir. Eləcə də, quru öskürək azalır və ya bəlğəmli öskürəklə əvəz olunur. Yuxuları yaxşılaşır gecə boğulma tutmaları azalır. Bronx yolları təmizlənir xəstələr havanı daha rahat alırlar”.
Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq məqsədəuyğun sayıldığı kimi, allergik astma və xroniki bronxitin də müalicəsi üçün xəstəlik ağırlaşmamış Duzdağ Fizioterapiya Mərkəzinə gəlmək lazımdır. Amma sən demə, bu Mərkəzə gəlib müalicə olunmaq da hələ tam şəfa tapmaq, xəstəlikdən birdəfəlik yaxa qurtarmaq anlamına gəlmir. Z. Həsənova söyləyir ki, xəstələrə burada müalicə kursu keçdikdən sonra onların xəstəliyini ağırlaşdıran zərərli amillərdən uzaq durmaq tövsiyə olunur. Həmsöhbətimiz deyir ki, çarpayı sayı 260 ədəd olan bu

Duzdağa müalicəyə gələndə vaxtı düz seçin!!!

Mərkəzdə müalicə olunmaq üçün vaxtı seçənlərin çoxu yanılırlar. Baş həkim deyir ki, Duzdağ Fizioterapiya Mərkəzində xəstəliyin müalicəsi üçün ən uğurlu vaxt, fəsil dəyişən dövrlər hesab olunur: “Çox təəssüf ki, çox adam bura əsasən yayda məzuniyyət götürüb gəlir. Amma martın 15-dən mayın sonunadək, sentyabrın birindən noyabrın 15-dək olan müddət burada müalicə üçün daha effektli sayılır. Biz ilin 12 ayı işləyirik. Amma nədənsə, bura müalicə üçün gələnlər daha çox yay fəslini seçir. Halbuki, fəsil dəyişikliyi olan aylar daha məqsədəuyğundur”.

Həm pulsuzdur, həm də...

Baş həkim deyir ki, xəstəxananın tibbi personalı da 24 saat ərzində növbəlilik prinsipi ilə gələn xəstələrə xidmət göstərir. Hətta Mərkəzin iki təcili və təxirəsalınmaz xidmət avtomobili də var. Bu avtomobillərdən xəstələrdə ağırlaşma olarsa istifadə edilir. Duzdağ Fizioterapiya Mərkəzi ilə bağlı xəstələri daha çox maraqlandıran məqam burada xidmətin pullu, yaxud pulsuz olmasıdır. Baş həkim nəinki bu Mərkəzdə tibbi xidmətin pulsuz olduğunu, hətta Naxçıvanın mərkəzindən xəstələri bu şəfa ocağına gətirən pulsuz servisin də olduğunu söyləyir.
Həmsöhbətimiz deyir ki, Naxçıvanın mərkəzindən 14 km aralıda yerləşən bu şəfa ocağına yayda axın çox olduğundan, servis bir neçə reyslə xəstələri xəstəxanaya daşıyır. Həmsöhbətimiz deyir ki, yay aylarında Mərkəzə gündəlik 20-25, qışda isə 10-12 xəstə müraciət edir. Z. Həsənova şəfa ocağı kimi xarici ölkələrdə də məşhurlaşan Duzdağ Fizioterapiya Mərkəzinə əcnəbi xəstələrin də müraciət etdiyini deyir. Onun sözlərinə görə, Polşanın Krakov şəhərində, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində, o cümlədən Qırğızıstanda da duz şaxtası var. Ancaq Naxçıvandakı Duzdağ öz müalicəvi əhəmiyyətinə görə digərlərindən bir neçə cəhətdən üstündür: “Naxçıvandakı şaxtalar dağın altında horizontal şəkildə yerləşdiyindən təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarmır. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Buraya gələn xəstələrin, təxminən, 300 metr məsafəni qət etməsi isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır”.

Ildə 2500-300 nəfər müraciət edir...

Duzdağ şaxtasını gəzdikdə yolüstü Mərkəzin həkim pulmonoloqu, Nizami Şahtaxtinski ilə də söhbətləşirik. Həmsöhbətimiz deyir ki, buraya müraciət edən xəstələrin çoxu bronxitlər, asmatik bronxidlər, predastmalar, bronxial astma, allergik konyuktivid, allergik rinit kimi xəstəliklərdən əziyyət çəkənlərdir: “Bura daha çox bronxial astma, astmadan əvvəlki dövr, asmatik bronxitlər müraciət edir. İl ərzində bu xəstəxanaya bronxial astma, allergik xəstəliklərlə bağlı 2500-300 nəfər müraciət edir. Onların arasında yay aylarında uşaqlar daha çox olur”.
Onunla söhbət əsnasında bəzi maraqlı məqamlar da üzə çıxdı. Sən demə, Duzdağ Fizioterapiya Mərkəzinə uşaqların qəbul edilməsi ilə bağlı müddət də var: “Şaxtaya müalicə üçün uşaqlar üc yaşından sonra qəbul edilməlidir”. Həmsöhbətimiz deyir ki, şaxtaya göstərişlərlə yanaşı əks göstərişlər də var: “O adamlarda ki, ürək xəstəliyi, şəkərin və hiperteniyanın ikinci mərhələsi yəni qan təyziqinin 180-dan yuxarı olması, revmatizm, bazedov (zob) xəstəliyi varsa, bu cür xəstələr şaxtaya əks göstərişdir. Balaca uşaqlar yaşından, orqanizmin xüsusiyyətindən asılı olaraq 6-10 günədək, böyüklər 10 -16 gün müalicə kursu keçə bilərlər. Bu şaxta hamilə qadınlara əks göstərişdir”.
Duzdağ mağarasına girər-girməz məni ilk düşündürən suallardan biri, bəlkə də birincisi bu möcüzəvi şəfa ocağının müalicəvi əhəmiyyətinin səbəbi ilə bağlı idi. Görəsən Duzdağ Fizioterapiya Mərkəzində insanların şəfa tapması, hansı amillə bağlıdır? Buranın havasında olan hansı möcüzə insanların dərdinə dərman olur?
Nizami Şahtaxtinski deyir ki, duzdağ şaxtasında 1 sm kub havada 17-21 mq natri xlor ionları var: “Onlar bir növ havanı mikrobsızlaşdırır. Tutmaları sakitləşdirir, remisiya dövrünə keçirir. Daimi barometrik təzyiqin nəticəsində allergik iltihaba reflektorik təsir göstərilir. Allergik reaksiyaların zənciri qırılır və nəticədə kliniki, biokimyəvi effektlər yaranır. Müalicə faiz etibarilə 6 aya kimi 80-85 faiz kömək edir”.
Amma həmsöhbətimiz deyir ki, bu müalicə ilə yanaşı məsləhətlərə əməl edilməlidir. Duzdağ şaxtasında müalicə aldıqdan sonra, tüstü, toz qoxu, sitrus meyvələrindən uzaq durmaq lazımdır”.

Biz Duzdağ Fizioterapiya Mərkəzində olduqda diqqətimi cəlb edən daha bir məqam buraya əcnəbi turistlərin gəlməsi oldu. Elə Mərkəzin baş həkimi Zülfiyyə Həsənova da bu möcüzəvi və unikal məkana xəstələrdən çox, turistlərin gəldiyini söyləyir. Onun sözlərinə görə, Fizioterapiya mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerüstü hissə Duzdağın bilavasitə özündə, “Duzdağ” otelinin ərasizisndə yerləşir. Oteldə qonaqlar üçün yüksək səviyyədə xidmət mövcuddur. Z. Həsənova deyir ki, turistlərin Mərkəzə girişi üçün onlardan heç bir haqq alınmır: “Yanlız turistlər gəldiyi üçün burada Naxçıvanın tarixini özündə əks etdirən yerli istehsaldan ibarət suvenirlərin satışı üçün şərait yaradılıb. Turistlər bu möcüzəvi məkana daxil olduqda divarların təbii duz olduğunu biləndə heyrətlərini gizlədə bilmirlər. Baxıb bu unikal məkandan çıxanda suvenirlər alırlar. Əsas odur ki, onlar Naxçıvanın tarixini, mədəni abidələrini, bu cür məkanlarını öz gözləri ilə görürlər. Naxçıvandan yüksək təəssüratla geri qayıdırlar”.

Elə biz də bu unikal məkandan yüksək təəssüratlarla qayıdırıq. Elə bu xoş təəssüratlarla sabah bizi Naxçıvanın digər tarixi, mədəni abidələrinə səyahət, məşhur Əshabi-Kəhf ziyarəti, Əlincə qalası ilə tanışlıq gözləyir.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz