Naxçıvan öz tarixi, mədəni abidələri ilə Bakıdan bu qədim diyara
səfər edən digər media nümayəndələri kimi məni də heyran qoymuşdu.
Sanki, bu gözəl şəhərə ekskursiya ilə keçmişə qayıdıb yaşı əsrə
bərabər olan tarixi vərəqləmək, gözümüzün qarşısında kino lenti
kimi canlandırmaq imkanı qazanmışdıq.
Naxçıvanı qarış-qarış gəzdikcə, bu qədim diyarın hər yerindən bir
tarix boylandığının, bu şəhərin böyük turizm potensialının
olduğunun bir daha dərk edirsən.
Naxçıvanın zəngin tarixi mədəni irsini gördükcə qaldığımız “Təbriz”
mehmanxanasının niyə bu qədər qonaq-qaralı olduğunu da anlayırsan.
Səbəb bəllidir... Əcnəbi qonaqları bu şəhərə cəlb edən əsas məqam
da elə Naxçıvanın qədim torpaq olması, tarixi və mədəni abidələrlə
zənginliyidir. Bir sözlə, Naxçıvan, elə öz-özlüyündə böyük bir
turizm marşurutudur. Bu qədim diyarın turizm marşurutu ilə sanki
insan, müasirlikdən keçmişə “zaman maşını” ilə səyahət edir.
Naxçıvan səfərimizdə bu dəfə əyləşdiyimiz “zaman maşını” isə bizi
lap uzaq keçmişə, Azərbaycan Atabəyləri - Eldənizlərin hakimiyyəti
dövrünə aparır. Yolumuz bu dəfə Teymurləngin amansız həmlələrinə 14
il sinə gərən, hər qarışında tarix yaşayan Əlincə qalasınadır.
Sıdırım qayanın başında qərarlaşaraq Teymurləngin cəllad oğlu
Miranşaha əyilməyən, öz qala divarlarını savaş, əyilməzlik yolunda
qanla suvayan Əlincə qalasına... İndi burada nə zalım Miranşah var,
nə də onun atlarının ayaq izləri... Tarixdə qalan isə əyilməz,
mərdlik, şücaət rəmzi olan Əlincə qalasıdır. İndi bu qala nəinki
naxçıvanlıların, bütövlükdə Azərbaycan xalqının mübarizə əzminin
daşlaşmış salnaməsidir... Sıldırım qayanın başındakı Əlincə
qalasına qalxdıqca, Səmərqənddən Bağdada qədər dünyanın az qala
yarısını tutmuş bir fatehin 14 il ərzində Əlincə qalanı niyə ala
bilmədiyini bir daha anlayırsan...Səbəb təkçə bu qalanın yerləşdiyi
coğrafi relyef yox, həm də, bir xalqın yadellilərə qarşı tarix boyu
dəyişməyən qətiyyəti, mübarizlyiidir... Bu əyilməz qalaya qalxdıqca
həm də onu anlayırsan ki, Əlincənin zirvəsinə qalxmaq, sadəcə,
dəniz səviyyəsindən, təqribən, 1500 metr yüksəklikdə dayanmaq
deyil. Əlincə zirvəsi, həm də 14 il ərzində yadelli orduların
burada vuruşanların mübarizliyinə, dönməzliyinə, iradəsinə,
dözümlüyünə, əyilməzliyinə həsəd apardığı bir zirvədir.
Bu zirvəyə
doğru addımladıqca, Əlincəqala Tarix Mədəniyyət Muzeyinin direktoru
Kamal Gülmalıyev bizə qalanın tarixi, burda aparılan restavrasiya
işləri barədə məlumat verir. Beləcə, qalaya gedən hər pillənin
hekayəsinə qulaq asaraq Əlincənin zirvəsinə çatırıq.
K. Gülmalıyev deyir ki, Əlincəqala Tarix Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 11 fevral 2014 cü il tarixli sərəncamı əsasında yaradılıb. KOnun sözlərinə görə, Əlincə qalasında 2014 cü il may ayından etibarən bərpa işlərinə başlanılıb. Əlincə qalasında təmir-bərpa, restavrasiya işləri aparılsa da, qalanın tarixi, qədimiliyi qorunaraq saxlanılıb. O bildirir ki, qalada restavrasiya işləri aparılarkən, Əlincə qalanın vaxtıilə dağılmış qala hasarlarından tökülmüş daşlardan istifadə olunub. Əlincə qalaya qalxdıqca insanı diqqətini cəlb edən məqam pilləkənlərdə də tarixin yaşamasıdır. Kamal Gülmalıyevin sözlərinə görə, qalanın pilləkənləri "Dizə daşı"ndan hazırlanıb. Restavrasiya işlərində isə əhəng məhlulu və dağ daşından istifadə olunub.
Qeyd edək ki,
turistləri, gələn qonaqları Əlincə qalasının zirvəsinə aparan yol,
1301 pilləkəndən ibarətdir. Naxçıvan şəhərindən Əlincə Qalasına
getmək üçün 25 km avtomobillə, təxminən 2 km-də piyada yol getmək
lazım gəlir. Qalaya qonaqları aparan pilləkanlar dik yoxuşda
qərarlaşdığından, Əlincə qalasına çatmaq üçün yolda bir neçə dəfə
ayaq saxlayıb nəfəs dərməmək mümkün deyil. Qalada aparılan
qazıntılar zamanı tapılan nə tikili varsa görünüşü saxlanılmaqla
bərpa edilməsi, bu zaman təndirlərin, ərzaq saxlanılan küplərin,
insanların və atların saxlanılması üçün daldalanacaqların olduğu
kimi saxlanılması da qalanın tarixiliyinə əlavə rəng qatır. K.
Gülmalıyev deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədrinn “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və
mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin
təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamının icrası
ilə əlaqədar muxtar respublika ərazisindəki tarixi abidələr qeydə
alınıb pasportlaşdırılarkən “Əlincəqala” haqqında da məlumatlar
toplanmış və bu abidə, 2007-ci ildə dünya əhəmiyyətli abidələrin
siyahısına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin "Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin
bərpa edilməsi haqqında" sərəncamı tarixi abidələrimizə göstərilən
qayğının bariz nümunəsidir. “Əlincəqala” tarixi abidəsindəki qala
divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat
binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri
ilkin forması saxlanılaraq bərpa olunubdur. Qala divarları və
bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim
izlərini özündə yaşadır. Bərpa işləri zamanı qalanın zirvəsinə
doğru yol çəkilmiş, qala ərazisində, eləcə də yol boyunca
işıqlandırma sistemləri quraşdırılıb, oturacaqlar qoyulub və
ətrafda yaşıllıqlar salınıbdır.
Burada
restavrasiya işləri aparılsa da, qala özündə tarix yaşadır. Məlumat
üçün deyək ki, bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin
siyahısına daxil edilibdir.
Bəli, mübarizlik rəmzi olan Əlincənin tarixi çox qədimdir. Qədim
mənbələrdə bu qalanın 2 mindən çox yaşı olduğu göstərilir. Orta əsr
yazılı qaynaqlarda “Alıncik”, “Alınca” kimi qeyd olunan Əlincənin
adını tədqiqatçılar qədim türk dilində “düzənlik” mənasında
işlədilən “alan” sözü ilə bağlayırlar. Xalq etimologiyasına görə
qalanın adı “Əlincik” yəni “Əlini çək” kimi yozulur. Bu da onun
alınmazlığı və məğlubedilməzliyi ilə bağlıdır. Məlumatlara görə,
Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəylər
dövlətinin baş xəzinəsi də məhz Əlincəqalada saxlanmışdır.
Tarixçilərin verdiyi məlumata görə Azərbaycan Atabəyləri -
Eldənizlərin hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti xüsusilə
artmış, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün
sığınacaq yerinə çevrilibdir. Naxçıvan hakimi Zahidə xatunun
iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincədə yerləşirdi.1225-ci
ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana
hücumu zamanı Eldəniz hökmdarı Özbək 1210-1225 bu qalaya sığınaraq
və burada döyüşlərin birində həlak olubdur. Bu mərdlik qalası XIV
əsrin 80-90-cı illərində Əmir Teymura qarşı mübarizəsinin əsas
istinadgahına çevrilərək 14 il mərdliklə müdafiə olunubdur.
Teymurun gəlişini eşidən Cəlairi Sultanı Əhməd (1382-1410)
xəzinəni, ailəsini, oğlunu, yaxın adamlarını Əlincədə yerləşdirib
Bağdada çəkilir. Qalanın müdafiəsi 300 əsgərlə Əmir Altuna həvalə
edilir.
Teymur 1386-1401-ci illərdə qalaya 4 dəfə yürüş edibdir. İlk yürüş dövründə (1386) qala ətrafında şiddətli vuruşma getmiş,aşağı səngərləri tutulub, müdafiəçiləri daha yaxın səngərlərə çəkilmiş, mühasirəyə alınıbdır. Teymurun oğlu Miranşah tərəfindən mühasirədə saxlanılan Əlincədə su ehtiyatı tükəndiyindən müdafiəçilər təslim olmaq məcburiyyətində qalıblar.Lakin müdafiəçilər qaladan çıxmayıb, güclü yağış yağmış, su qıtlığı aradan götürüldüyü üçün qala təslim olunmamışdı. 1393-cü ildə Teymurun 40 minlik qoşunu Əlincəyə hücum edir. Bu zaman müdafiəçilərin bir dəstəsi təsadüfən, Altunun başçılığı ilə qaladan çıxıb. Onlar geri döndükdə qala qapılarının Teymurun qoşunları tərəfindən tutulduğunu görüb onlara hücum edirlər. Düzgün strateji mövqe Altun və cəngavərləri teymurilərə böyük tələfat verir. Bu döyüşdə Əmir Teymurun on minlik qoşun sərkərdəsinin 2-si öldürülür və müdafiəçilər qalaya daxil ola bilirlər.
1397-ci ildə
Şəki və gürcü qoşun birləşmələri Əlincəyə hücum edir və teymuri
sərkərdəsi Sultan Səncəri məğlubiyyətə uğradaraq Sultan Tahiri
mühasirədən çıxarıb Bağdada göndərir. Bu xəbər dünyanın ən güclü
hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymuru hiddətləndirir.
O, 1399-cu ildə Əlincəyə 5-6 əmirin başçılığı ilə qoşun hissələri
göndərir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız
qaldığından təslim olur. Qalanın kutvalı (rəisi) Əhməd Oğulsayi
tutularaq (1401) Teymurun yanına aparılır və öldürülür. Qalanın
belə dözümlülüyünün səbəbini aydınlaşdırmaq üçün Teymur şəxsən
Əlincəyə qalxır, qalanı seyr edir və onun möhtəşəmliyinə heyran
qalır.
Elə biz də
qalaya çıxdıqca, onun tarixini öyrəndikcə heyranlığımızı gizlədə
bilmirdik. Qeyd edim ki, Naxçıvanın abidələri, xüsusilə Əlincə qala
bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də
müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Həqiqətən
bu qalanın dünya mədəniyyət tarixində xüsusi yeri və əhəmiyyəti
var. Əlincə demək olar ki, Naxçıvan tarixi abidələr və görməli
yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Culfa
rayonunun Xanəgah və Əlincə kəndlərinin əhatəsindəki eyniadlı dağın
başında yerləşən qala elə kənardan turistlərə gəl-gəl deyir.
Onu da qeyd
edim ki, bu qaladan Şeyx Fəzlullah Nəiminin uyuduğu türbə də
görsənir. Qalanın işğal qurbanlarından olan Nəimi Teymurilərin
istilasının güdazına gedən görkəmli şəxsiyyətlərimizdəndir. Buradan
Nəiminin türbəsinə baxarkən n adamın içindən bu qala divarları
arasında zalım Miranşahı tapıb sorğu-sual etmək, bu söz xiridarına
qıymaqla əlinə nə keçdiyini soruşmaq keçir. Təbii ki, indi burda nə
Miranşahdan, nə də onun canına qıydığı qala mühafizəçilərdən bir
nişanə. Tarixdə qalan bircə bu qaladır ki, o da gənc nəslin
yaddaşında yadelli işğalçılara qarşı müqavimət mərkəzinin simvolu
sayılır. Naxçıvana səfərimizdə bir daha əmin oldum ki, Naxçıvanın
az qala hər qarışı, hər daşı özündə tarix yaşadır.
Ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi: “Azərbaycanın siyasi,
iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan
Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir”.
Zülfiyyə QULUYEVA
Bakı-Naxçıvan-Bakı