Bu ilin ilk iki ayı ərzində Gürcüstanı 294 min turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% çoxdur.Movqe.az-ın “newsgeorgia.ge” saytına istinadən məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Ketevan Boçorişvili bildirib.
Gürcüstanın turist potensialının artdığını deyən nazir müavini qeyd edib ki, ümumilikdə bu ilin yanvar-fevral ayları ərzində Gürcüstana gələn beynəlxalq turistlərin sayı 755 min nəfəri keçib ki, bu da 2016-cı ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 10,5% çoxdur.
O bildirib ki, 2017-ci ilin ilk iki ayında Gürcüstana daha çox turist qonşu ölkələrdən - Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və Ukraynadan gəliblər.
Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında da artım tendensiyası qorunmaqdadır. Belə ki, bu müddət ərzində Almaniyana gələn turistlər arasında 35%, Polşa 30%, Bolqarıstan 29%, Fransadan isə 19% artım qeydə alınıb.
Nazir müavini qeyd edib ki, yanvar-fevral aylarında Gürcüstana daha çox turist Böyük Britaniyadan (26%) gəlib. Rekord sayda turistlər isə İran, Özbəkistan, Hindistan, İsrail, Çin və Rusiya tərəfindən qeydə alınıb. Belə ki, İrandan Gürcüstana gələn turistlərin sayında 438%, Özbəkistan 211%, Hindistan 129%, Çin 38%, Rusiya isə 36% artım qeydə alınıb.
K. Boçaraşvilinin sözlərinə görə, Gürcüstana turist axının artması son illər ərzində ölkənin həyata keçirdiyi yaxşı planlaşdırılmış marketinq kampaniyalarının nəticələridir.