Uzun müddətdir ki, bəzi satış məntəqələri müxtəlif əşyaları kredit vasitəsilə alıcılara təqdim etdiyini bildirirlər. Təbii ki, bu bir çox insana sərf edən üsuldur. Çünki bəziləri simiclik etdiyi üçün nağd alış-veriş etmir, bəziləri isə sadəcə pulu kifayət etmədiyi üçün kreditə üz tuturlar. Kreditə üz tutan insanlar ilk növbədə onun faiz dərəcəsi ilə maraqlanırlar. Bu zaman isə alıcıların qarşısına " faizsiz" kredit növü çıxırsa, onlar dərhal həmin o mağazaya üz tuturlar və bu zaman qazandıqlarını fərz edirlər. Lakin indi mağazalarda məhsulları yerindəcə sənədləşdirməklə asanlıqla əldə etmək mümkün olmayacaq. Buna səbəb Mərkəzi Bankın yeni qərarıdır. Qərara əsasən, kredit müqavilələrinin mağazalarda bağlanmasına qadağa qoyulub. Kommersiya banklarının səyyar fəaliyyəti də dayandırılır. Kreditlə mal götürmək istəyənlər isə mağazalara yox, birbaşa banklara müraciət etməlidirlər.
İqtisadçı ekspert Ruslan Atakişiyev məsələ ilə bağlı bildirir: "Qeyd edim ki, ümumiyyətlə, hal-hazırda ölkəmizdəki satış məntəqələrində hər hansı bir avadanlığın və yaxud da ki, əşyanın kreditlə satışı geniş vüsət almışdır. Xüsusən də istehlak kreditləri daha geniş mənada özünü göstərir. Çox zamanlar malların faizsiz kreditlə satışı qeyd olunsa da, əslində bu belə olmur. Alıcılar satış məntəqələri ilə banklar arasındakı münasibəti anlamadıqları üçün təbii ki, burda dünyada geniş yayılmış faktorinq əməliyyatından geniş istifadə olunduğunu düşünmürlər. Bu əməliyyatın mahiyyəti odur ki, satıcıılar öz məhsullarını satdıqda çətinlik çəkdiyi zaman onları müəyyən bir müddətə faizli olaraq istehlakçılara çatdırırlar. İstehlakçılar isə bunu uzun və ya qısa zaman çərçivəsində hissə-hissə təyin olunan məbləği zamanında banka ödüyürlər. Sonra satıcı satdığı məhsulun məbləğini bank vasitəsilə əldə edir. Bu zaman da maliyyə təminatı baş verir ki, istehsalçılar öz istehsal prosesini davamlı şəkildə həyata keçirə bilirlər".
Banklar vasitəsilə satış prosesinə aydınlıq gələcəyini ümid edən iqtisadçı ekspert bildirib: "Dünya maliyyə böhranından sonra əsas məsələ risklərin mütləq şəkildə azaldılması məsələsidir. Borclar, öhdəliklər üzrə daha ciddi tədbirlərin alınmasıdır. Bizim bir sıra müştərilərimiz faizli kreditə meyl etmirlər. Son dövrlər isə banklar da faizsiz kreditə getməyə başlamışdılar. Çünki alıcılar faizli kreditdən çox zaman imtina edirlər. Həmin o faizli kreditdən imtina edən şəxslərə "faizsiz donu" altında satıcılar öz mallarını satırlar.Onlar bankın bu məsələyə qarışmadığını göstərmək məqsədilə özləri bir başa müştəri ilə əlaqə yaratmalı olurlar. Nəticədə müştəri ödəniş vaxtını gecikdirdiyi zaman banklar işə qarışır və çox böyük poblemlər yaşana bilir. Hesab edirəm ki, satış prosesinə bankın qarışması əksər məsələlərin həllinə aydınlıq gətirəcək".
Kreditlə mal götürmək istəyən şəxslərin mağazalara yox, birbaşa banka müraciət etməsinə isə R. Atakişiyev belə münasibət bildirib: "Bu gün bankları kreditləri özlərinin təyin etməsi faktoru qəribə hal deyil. Çünki kreditlə məhsul satışı zamanı öhdəlik birbaşa banka aid olur. Banklar riskləri azaltmaq üçün bu prosesi həyata keçirirlər. İqtisadçı kimi mən belə təklif irəli sürürəm ki, satış müəssisəsində faizsiz kredit verilməsi nəzərdə tutulursa, bu yaxşı olardı ki, elə satış məntəqələrində həyata keçirilsin və alıcılara həvəsləndirici təkliflər verilsin. Amma bu işə banklar daxil olursa bu cəmiyyətə açıq şəkildə açıqlanmalı, səbəbləri izah olunmalıdır. Müşahidilərimiz zamanı bəlli olur ki, mağazalar faizsiz kredit elan etsələr də müqavilə bağlandığı zaman problemlər yaranır. Bəzi alıcılar onlara müqavilələrin öncədən təqdim olunmamasını iddia edirlər. Azərbaycan cəmiyyəti rəngarəngdir, alqı-satqı prosesinə mənəvi yanaşan alıcılarımız da var. Amma yaxşı olar ki, bu proses zamanı mütləq şəkildə şəfaflıq olsun. Tam şəkildə istehlakçıların məlumatlandırılması labüddür. Bu sahədə geniş şəkildə çaşqınlıq var. İstehsalçını cəlb etmək üçün uydurma şüarlardan istifadə olunmaqdansa, reallıq nəsə o da göstərilməlidir".
Bəs görəsən bu gün alıcılar məişət avadanlıqlarını və ya başqa məhsulları almaq üçün banka müraciət edərlərsə o zaman, banklar bundan istifadə edib kredit faizlərini artıra bilərlərmi?. Bu suala cavabda Ruslan Atakişiyev bildirib: "Məsələ öhdəliyin lazımınca yerinə yetirilməsi ilə bağlı olmalıdır. Onsuzda bizdə olan faiz dərəcələri yetərincə yüksəkdir. Avropa ölkələrində ortalama təxmini 0-17%, ABŞ-da 0-20 % arası, Azərbaycanda isə elə kredit növlərinin faizləri var ki, 27-36%-ə qalxır. Azərbaycan maliyyə bazarında faizlilik dərəcələri çox yüksəkdir".