Azərbaycan Mətbuat Şurasının bu gün keçirilən iclasında internet resurslarla bağlı komissiya yaradılıb. Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov komissiyanın yaranma səbəblərini açıqlayıb.
"Mətbuat Şurası yay aylarından bu addımı atmağı nəzərdə
tutmuşdu. Çünki artıq portallardan 30-a yaxın müraciət daxil
olub və onlar Mətbuat Şurasının üzvü olmaq istəyirlər. Hər il
internet mediasından Mətbuat Şurasına daxil olan şikayətlərin sayı
da artır.Əgər 2011-ci ildə şuraya 7 şikayət daxil olmuşdusa,
2012-ci ildə 20 şikayət almışıq. Bu həftə ərzində komissiyanın
ilk iclası keçirilərək şikayətlər araşdırılacaq".
Ə. Amaşov qeyd edib ki, onlar internet portallarla bağlı
şikayətlərə baxanda bəzi suallar yaranırdı.
"Bu suallar həmin internet portallarının nə dərəcədə ciddi olması
və digər məsələlərlə bağlı olurdu. Komissiya onlayn mediadan gələn
şikayətləri araşdırmaqla yanaşı internet media ilə bağlı məsələlərə
baxacaq, veb-səhifələrə haker hücumlarını və onlayn media ilə bağlı
digər məsələləri araşdıracaq".
O qeyd edib ki, bu sahə ilə bağlı komissiyanın fəaliyyətinin
ümumi konsepsiyası hazırlana bilər.
Qeyd edək ki, Mətbuat Şurasının nəzdində yaradılan komissiyaya
onlayn mediadan Vaqif Şərifov, Elnur Baimov, Vüsalə Mahirqızı, Azər
Həsrət, Müşfiq Ələsgərli, həmçinin .az domenin üzvü Faiq Fərmanov
daxil olub.