Komitə internet klublarla bağlı təkliflər hazırladı
"İnternet klublarda uşaqların zərərli informasiya almasının
qarşısını almaq üçün nəzarətin gücləndirilməsi məqsədi ilə
qanunvericiliyə əlavələr edilə bilər. Bizim Komitə tərəfindən artıq
bununla bağlı təkliflər hazırlanıb". Bu sözləri Movqe.az-a Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri
şöbəsinin rəhbəri Cəmilə Bağırova verib. Onun sözlərinə görə,
hazırda uşaqlara internet klublarda süzgəcdən keçirilməyən internet
xidməti göstərilir: "Uşaqların internet təhlükəsizliyi ilə bağlı
problem həll olunmalıdır. İndi internet klublarda uşaqların yaş
kateqoriyasına məhəl qoyulmadan internet xidməti göstərilir. Biz
təkliflər hazırlamışıq ki, qanunvericiliyə bununla bağlı əlavələr
olunsun. İnternet klublara nəzarətlə bağlı qanunvericiliyə əlavələr
olunmalı, bu barədə İnzibati Xətalar Məcəlləsində müddəalar öz
əksini tapmalıdır".