Əlaqə Arxiv
news Image
2013.03.04
11:49
| A A A
Faiq Şahbazlı: " TQDK-nın 4-cü sinif üzrə 3 dərsliyi məqsədəuyğun hesab etməməsi bu dərsliklərin yararsız olması demək deyil"
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün daha 3 dərsliyin - "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin tədrisdə istifadəsini məqsədəuyğun hesab etməməsi ilə bağlı məktubu Təhsil nazirliyinə hələki gəlib çatmayıb. Odur ki, biz hələki bu barədə fikir bildirə bilmərik". Bu sözləri Movqe.az-a Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. F. Şahbazlı bildirib ki, TQDK-nın 4-cü sinif üzrə 3 dərsliyi tədrisdə istifadəsini məqsədəuyğun hesab etməməsi bu dərslikləri yararsız olması demək deyil: "Dərsliklərin Qiymətləndirmə Şurası var, müəlliflər var. Yəqin ki, bizə rəyi göndərdikdən sonra onlar öz sözlərini deyəcəklər".
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün daha 3 dərsliyin - "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin tədrisdə istifadəsini məqsədəuyğun hesab etməyib. TQDK-dan APA-ya verilən xəbərə görə, respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün "Azərbaycan dili" dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki, "Azərbaycan dili 4" dərsliyinin (müəlliflər: R. İsmayılov, S. Abdullayeva, D. Cəfərova, X. Qasımova) respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və dərslik yenidən hazırlanmalıdır.
Ekspert Şurasının qərarında qeyd olunur ki, "Azərbaycan dili" dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol verilib.  4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilib. Mətnlərə aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur. Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur. Rəydə bildirilir ki, maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil. Bir neçə məqamda isə illüstrasiyalar münasib sayılmayıb.
"Riyaziyyat" dərsliyində qeyd olunur ki, dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənaraçıxmalar var. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki ayrı dərsliklərdir. Dərslikdə çoxlu sayda struktur xətaları var. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır".
Qərarda "Həyat bilgisi" dərsliyindəki çatışmazlıqlar da öz əksini tapıb: ""Həyat bilgisi" dərsliyi rəsmi dövlət sənədlərinə – tədris planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür". Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb.
Sizin Reklam Yeriniz