Dərsliklərlə bağlı yenidən müzakirə aparılacaq
"Dərsliklərlə bağlı bir ortaq məxrəcə gələcəyik. Burada hərə öz
inadını yeridə də bilməz. Yəqin ki, dərsliklərin monitorinqi
prosesi yekunlaşdıqdan sonra bu məsələni yenidən müzakirə
edəcəyik". Bu sözləri Movqe.az-a Təhsil Nazirliyinin Dərslik
və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. Şöbə müdirinin
sözlərinə görə, dərsliklərdəki iradların əksəriyyətini müəlliflər
əsassız sayır: "Axı dərsliklər də elə-belə ərsəyə gəlməyib.
Dərsliklərin üzərində müəlliflər işləyib, Qiymətləndirmə Şurasının
ekspertləri çalışıb. İnad etməyə qalası olsa onda bu tərəf də özünü
haqlı sayır. Düzdür, dərsliklərdə səhvlər var. Mən də onun
tərəfindəyəm ki, dərsliklər təkminləşsin. Amma elə iradlar var ki,
onları səhv hesab etmək də olmaz. Irad tutulur ki, niyə əlifbada
mətn dolğun verilmir. Axı əlifbada mətn necə dolğun verilə bilər?
Üç hərfdən ibarət sözə necə mətn tərtib etmək olar? Biz istəyirik
ki, bu monitorinqlərin nəticəsi yaxşı olsun. Amma inadla yaxşı
nəticə də əldə etmək olmaz. Yəqin ki, bu məsələ yenidən müzakirə
ediləcək".