"Azərbaycan Ordusu son günlər heç bir itki verməyib". Bunu
APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini,
kapitan Teymur Abdullayev deyib.
Ermənistan mətbuatında Azərbaycan Ordusunun son iki gündə itkilər
verməsi, Azərbaycan Müdafiə Nazirliyinin isə bunları gizlətməsi
barədə yaydığı məlumatlara münasibət bildirən T. Abdullayev bu
xəbərlərin dezinformasiya olduğunu bildirib: "Nəinki, son iki
gündə, ümumiyyətlə, son vaxtlar Azərbaycan Ordusu cəbhədə hər hansı
itki verməyib. Ermənilər yalan məlumatları daxili auditoriyaya
hesablayaraq yayırlar. Həmin xəbərlərin heç bir əsası yoxdur".
Qeyd edək ki, Ermənistanın bəzi mətbuat orqanları erməni silahlı
birləşmələrinin gördüyü tədbirlər nəticəsində Azərbaycan Ordusunun
böyük itkilər verdiyi barədə xəbər yayıb. "Regnum" agentliyinin
məlumatına görə, hərbi ekspert Artsrun Ovanisyan noyabrın 22-də
keçirdiyi mətbuat konfransında Azərbaycan tərəfinin bu gün də
itkilər verdiyini deyib. Lakin o, təfərrüatları açıqlamayıb, yaxın
vaxtlarda bunun rəsmi təsdiqlənəcəyini söyləməklə kifayətlənib.
Erməni ekspert Azərbaycana qarşı cəza tədbirinin davam edəcəyini
vurğulayıb.
Xatırladaq ki, Ermənistan mətbuatı bir neçə gün əvvəl cəbhə
xəttində atəşkəs rejiminin pozulması nəticəsində iki erməni
hərbçinin həlak olduğu barədə məlumat yayıb.