Bu il aprelin 1-nə qədər Azərbaycanın zəlzələ baş vermiş
şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin
tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir.
Movqe.az-ın xəbərinəAzərbaycanın zəlzələdən zərər çəkmiş şimal-qərb
bölgəsində aparılan tikinti-bərpa işləri ilə bağlı Fövqəladə Hallar
Nazirliyinin bu il aprelin 1-nə olan statistikasında belə qeyd
olunub. Məlumata görə, baxış aktlarına əsasən müəyyən olunmuş 5725
qəzalı evdən Zaqatala rayonunda 2707, Qaxda 274, Balakəndə 196-sı
artıq tikilərək təhvil verilib, 1915 evin isə tikintisi aparılır.
İndiyə qədər 5900 şagird yerlik 24 məktəb binası, 55 yerlik 1 uşaq
bağçası istifadəyə verilib. Belə ki, 3360 şagird yerlik 11 məktəb
və 55 yerlik 1 ədəd uşaq bağçası Zaqatala rayonunda, 380 şagird
yerlik 2 məktəb binası Balakəndə və 1300 şagird yerlik 9 məktəb
binası Qax rayonunda tikilib istifadəyə verilib. Qısa müddətdə
Zaqatalada daha 9, Qaxda 2, Şəki şəhərində 1 məktəb binasının
tikilib istifadəyə verilməsi planlaşdırılır. Bu il aprelin 1-nə
qədər zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması
ilə əlaqədar olaraq 17 milyon 734 min manаt yardım ödənilib.
Bu vəsait Zaqatala, Qax və Balakən rayonlarında ümumilikdə 5077
ailəyə poçt vasitəsilə ödənilib. Qeyd edək ki, 2012-ci il may
ayının 7-də episentri Zaqatala rayonu ərazisi olmaqla zəlzələ baş
verib. Həmin zəlzələ və daha sonra baş vermiş yeraltı təkanlar
nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış
evlərinə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.
Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ
qərargah yaradılıb, qəzalı evlərin və obyektlərin müəyyənləşməsi
ilə bağlı komissiyalar yaradılaraq, baxışlar keçirilib. Azərbaycan
Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabinetinin
8 may 2012-ci il tarixli sərəncamı ilə zəlzələnin
nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Ehtiyat
Fondundan 20 milyon manat vəsait ayrılıb. Ölkə ərazisində baş
vermiş fövqəladə halların aradan qaldırılması üçün isə 2012-ci il
dövlət büdcəsindən 300 milyon manat və Nazirlər Kabinetinin 24
oktyabr 2012-ci ildəki sərəncamı ilə 100 milyon manat vəsait
ayrılıb.