Əlaqə Arxiv
news Image
2013.05.02
13:16
| A A A
“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başladı

Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb.


AMEA Humanitar və İctimai Elmlər Bölməsi (HİEB) və BSU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 14 ölkəsindən (Rusiya, Ukrayna, Türkiyə, Çexiya, Qazaxıstan, Almaniya, Gürcüstan, Litva, ABŞ, Misir, Polşa, Yunanistan) olan elm xadimləri, o cümlədən AMEA-nın institut və təşkilatlarının, ölkənin ali təhsil müəssisələrinin nümayəndələri, Bakıdakı diplomatik korpus nümayəndələri, dövlət xadimləri iştirak edirdilər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə konfransın aktual mövzuya həsr olunduğunu, azərbaycançılıq məfkurəsinin yaranmasında, möhkəmlənməsində, ümumbəşəri ideyaların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdiyini, konfransın əsas leytmotivinin azərbaycançılıq olduğunu bildirib. Heydər Əliyev ideyalarının konfransda səslənməsinin dünyada azərbaycançılıq məfkurəsinin yayılmasına yardım edəcəyini söyləyən A.Əlizadə əsası ulu öndər tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının hazırda AR Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.


AMEA prezidenti BSU-nun bir çox xarici ölkələrdə Azərbaycan Mərkəzləri yaratdığını, azərbaycançılıq ideologiyasını təbliğ etdiyini, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində gördüyü işləri təqdirəlayiq hesab edib.


Tədbirdə çıxış edən BSU-nun rektoru, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev BSU-nun yaranmasında ümummilli lider Heydər Əliyevin rolunundan, konfransın məqsədlərindən, azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması və həlli istiqamətində əhəmiyyətindən söz açıb. Konfrans çərçivəsində bir çox xarici univeristetlərlə müqavilələrin imzalanacağını söyləyən K.Abdullayev Kiyev, Poltava, Moskva və Minskdəki Azərbaycanşünaslıq Mərkəzlərinin açılması və fəaliyyət göstərməsində BSU-nun əhəmiyyətli rolunu önə çəkib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının tarixi yaddaşının, dilinin, adət-ənənələrinin qorunması sahəsində əvəzsiz xidmətləri olub. Ulu öndərin anadan olmasının 90-cı ildönümü respublikada olduğu kimi, BSU-da da yüksək səviyyədə qeyd olunur. Heydər Əliyevin sərəncamı ilə yaradılan BSU-da bu gün beynəlxalq əməkdaşlıq inkişaf edir, tələbələrə rus, polyak, çex, yunan, fransız, alman və digər dillər tədris olunur.


Tədbirdə çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, İstanbul Kültür Universitetinin rektoru, professor Siddiqə Dəmir, ABŞ-ın Harvard Universitetinin professoru Mark Kramer, "Marşalek Holding" şirkətinin prezidenti A.Marşalek, Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor A.Nestulya və başqaları müasir dünyada elmin, təhsilin önəmli rolunu qeyd ediblər, beynəlxalq konfransın əhəmiyyətini vurğulayıblar.


Sonda iştirakçı gənclər adından Evrovision Mahnı müsabiqəsinin qalibi, BSU-nun məzunu və əməkdaşı Eldar Qasımov qonaqları salamladı və "Azərbaycan" mahnısını ifa edib.


Konfrans öz işini 5 bölmə - "Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti", "Heydər Əliyev və azərbaycançılıq", "Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan", "Azərbaycan dili və ədəbiyyatının inkişaf perspektivləri", "Azərbaycan elmi və mədəniyyətinin inkişaf perspektivləri" üzrə davam etdirir.

Qeyd edək ki, konfrans mayın 4-dək davam edəcək.

Sizin Reklam Yeriniz