Əlaqə Arxiv
news Image
2013.05.04
12:50
| A A A
"Nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır"
Mövqe.az-ın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydalara əsasən, XI sinfi bitirən və hər hansı fəndən illik qiyməti "2" olan şagirdlər buraxılış imtahanlarına buraxılmır. Eyni zamanda imtahana buraxılan şagirdlər hər hansı imtahandan "2" aldığı təqdirdə, onların yekun attestasiyası aparılmır: "Nəticədə hər iki kateqoriyadan olan məzunlar attestat almaqdan və ali, orta ixtisas təhsili müəssisələrinə sənəd verməkdən məhrum olurlar. Statistik məlumatlara əsasən, 2009-2010-ci tədris ilində şagirdlərin ümumi sayının 22 faizi, 2011-2012-ci ildə 24 faizi, 2011-2012-ci ildə isə 10,5 faizi attestat almayıb. Heç kimə sirr deyil ki, həmin şagirdlərə attestatların verilməməsi yerlərdə sui-istifadə hallarına geniş yol açan amillərə gətirib çıxarır. Attestat məzunun biliyinin göstəricidir. "Təhsil haqqında" qanun attestatın verilməsinin yekun qiymətləndirmənin "qeyri-kafi" nəticələri ilə bağlı olmadığını göstərir. Attestat olsa da, olmasa da, qanunvericiliyə əsasən, orta məktəb məzununun tələbə olması ali məktəblərə qəbul imtahanlarındakı nəticələrindən asılıdır. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır".

Nazir deyib ki, təhsil sistemindəki bəzi problemlər qarşıda duran məsələlərin həllini çətinləşdirir: "Təhsildəki neqativ hallar gənc nəslin sağlam yetişdirilməsinə mənfi təsir göstərir. Nazirlik əsas diqqətini təhsil sahəsindəki qanun pozuntularına şərait yaradan və onları doğuran səbəblərin aradan qaldırılmasına yönəltmək niyyətindədir. Bunun yeganə həll yolu problemlərin sistemli həll olunmasıdır. İlk növbədə, mövcud vəziyyəti doğuran səbəblər müəyyənləşdirilməlidir. Onların aradan qaldırılması üçün effektiv vasitələr tapılmalı və məqsədə uyğun kompleks tədbirlər hazırlanmalıdır".

Sizin Reklam Yeriniz