3 may 2013-cü il tarixdə AMEA Geologiya İnstitutunun Gənc Alimlər Şurası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Dünya gələcək geoloqların gözü ilə" adlı olimpiadanın final mərhələsi keçirilib.
Mövqe.az-ın məlumatına görə, paytaxt məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş olimpiadanı giriş sözü ilə açan Geologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin Yer Elmləri Bölməsinin rəhbəri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov bildirdi ki, layihənin məqsədi orta məktəb şagirdlərini akademiyaya cəlb etmək və onların gələcək peşəkar orientasiyasında yer elmlərinə üstünlük verməsini stimullaşdırmaqdan ibarətdir. Geologiya İnstitutunun göstərdiyi bu təşəbbüsün institutun kadr siyasəti ilə üst-üstə düşdüyünü bildirən O.Abbasov olimpiadada 20, 42, 145, 160 və 175 nömrəli təhsil müəssisələrinin şagirdlərinin iştirak etdiyini qeyd edib.
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov olimpiadanın şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov geologiya elminin əhəmiyyəti barədə ətraflı məlumat verib, elm və təhsilin vəhdətindən faydalanmağın vacibliyini qeyd edib, olimpiadanın Azərbaycan geologiya elmində ilk təşəbbüs olduğunu bildirib.
Sonra çıxış edən Təhsil Nazirliyinin Bakı Təhsil İdarəsinin nümayəndəsi Firudin Həmzəyev layihənin şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, potensialını və istedadını inkişaf etdirmək baxımından xüsusi rola malik olduğunu bildirib, gələcəkdə geologiya elminə həvəsi olan şagirdləri bu cür layihələrə cəlb etməyi qarşıda duran vacib məsələ kimi dəyərləndirib, müxtəlif məktəblərdən 135 şagirdin olimpiadaya həvəs göstərməsinin müsbət hal olduğunu qeyd edib.
Müsabiqədə "Əsrin müqaviləsi. Müstəqil Azərbaycan", "Təbii fəlakətlər", "Azərbaycanda neft sənayesi" və digər mövzularda 135 şagird arasından 18 şagird finala vəsiqə qazanaraq təqdimatla çıxış ediblər. Təqdimatlar akademik Arif İsmayıl-zadə, AMEA-nın müxbir üzvləri Fəxrəddin Qədirov, Əkbər Feyzullayev, geologiya-minerologiya elmləri doktorları Yusif İsrafilov, Şeh Əli Babayev, Qalib Əfəndiyev, geologiya-minerologiya üzrə fəlsəfə doktorları Svetlana Axundova, Qulam Babayev, Orxan Abbasovdan ibarət olan münsiflər heyəti tərəfindən qiymətləndirilib, final mərhələsinin qaliblərinin adları açıqlanıb. Nəticədə 160 nömrəli məktəbin şagirdləri Enel Şirinli birinci, Məryəm Əli ikinci, 175 nömrəli məktəbin şagirdi Gövhər Zeynalova üçüncü, 42 nömrəli məktəbin şagirdi Səbinə Əliyeva dördüncü, 160 nömrəli məktəbin şagirdi Vüsal Həsənli isə beşinci yerə layiq görüldü, məktəblilərə mükafat və diplomlar təqdim olunub.
İştirakçılar arasında fərqlənən şagirdlərə hədiyyə və sertifikatlar təqdim edilib.
Sonda AMEA Geologiya İnstitutunun Gənc Alimlər Şurasının elmi fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.