Əlaqə Arxiv
news Image
2013.05.06
18:23
| A A A
Suraxanıda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə konfrans keçirilib

6 may 2013-cü  il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə "Azərbaycana həsr olunmuş ömür" mövzusunda konfrans keçirilib.


Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev parkında 90 ağac əkiblər. Daha sonra Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoyublar.


Qeyd etmək yerinə düşər ki,  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə cari ildə Suraxanı rayonunda 90 min ağac əkilməsi nəzərdə tutulub.


Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış oldular və  Mərkəzin 3-cü mərtəbəsində Elektron lektoriya zalında "Tarixi yaradanlar" filminə baxışdan sonra konfrans öz işinə başlayıb.


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin ömür yolunun əsas məqamların əks etdirən məruzə  ilə çıxış edib. İlqar Abbasov bildirib ki, bu günlərdə Azərbaycan xalqı, bütün türk dünyası dünyanın ən böyük Azərbaycanlısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd edir. 


Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" imzaladığı sərəncamda deyilir: "Dahi Heydər Əliyev səxsiyyətinin Azərbaycan  dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".


Natiq qeyd edib ki, Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə edib. Ulu Öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr edib. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışıb ki, onları bir-birindən ayırmaq mümkün deyil. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi baş verib.


Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın öz müstəqilliyini bərpa etməsindən keçən, tarix üçün bir an qədər çəkən  müddətdən sonra geriyə baxanda uğurlu daxili və xarici siyasət yürüdən ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər  və beynəlxaq aləmdəki mövqeyi aydın görünür. Az vaxt ərzində ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində əldə olunan müvəffəqiyyətlər bütün dünyanı heyran qoyub. Hazırda Azərbaycanın hər yerində gedən möhtəşəm quruculuq işləri, mədəniyyət, idman və digər sahələrdəki tərəqqi hər bir Azərbaycanlını qürurlandırır, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır. Bütün bunlar isə Ulu Öndərimiz  Heydər Əliyevin həm daxili, həm də xarici siyasətdəki səriştəsi, yüksək idarəetmə bacarığı, bənzərsiz nitq qabiliyyəti, geniş biliyə sahib olması və analitik düşüncə tərzinin nəticəsində mümkün olub.


Xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra Ulu Öndərimiz belə vəziyyətdə balanslaşdırılmış xarici siyasət kursunu tutub və dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirib. Ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparılıb. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi. Azərbaycan informasiya blokadasından çıxarılıb. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli  fəaliyyətin təməli qoyulub. Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrilib.


İlqar Abbasov xüsusi vurğulayıb ki, Azərbaycan xalqının qəlbində Ümumilli Lider zirvəsinə ucalan dövlət xadimi, dünya miqyaslı  siyasətçi Heydər Əliyev əbədiyaşarlıq qazanıb. Vətənini sevən hər bir Azərbaycan övladı özünün Ümumilli Lideri ilə fəxr edir. Bu gün 90 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında ümumxalq məhəbbətini qazanan Ulu Öndər, mütəfəkkir olaraq qalıb. Xalqımızın indiki və sonrakı nəsilləri onu həmişə sonsuz hörmət və məhəbbətlə yad edəcək.


İlqar Abbasov çıxışını bu sözlərlə yekunlaşdırdı: Bu gün biz buraya toplaşıb Ümumilli Liderimizin 90 illiyini qeyd etməklə yanaşı, onun qurub yaratdığı doğma Azərbaycanımızın daha da çiçəklənməsi üçün hər birimizin öhdəsinə müəyyən vəzifələr düşdüyünü, hər birimizin məsuliyyət daşıdığını bir daha dərk edirik. Dahi rəhbərin yarım əsrlik siyasi fəaliyətini hər bir Azərbaycanlı təcrübə məktəbi kimi əxz etməli, ölkənin tərəqqisi naminə yorulmadan çalışmalıdır. 


Necə deyərlər "Güc birlikdədir". Biz məhz birlik  sayəsində, əlbir səylərlə Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək  Azərbaycanımızın qüdrətini və şöhrətini artıra bilər, vətənimizi dünyanın ən qabaqcıl ölkəsi səviyyəsinə qaldıra bilərik. Ulu Öndərimiz məhz bunu arzulayırdı, bunun üçün çalışırdı və bizə də bunu vəsiyyət etmişdir. Gəlin, Ulu Öndərimizin adına, şöhrətinə əziz xatirəsinə layiq olaq.


Məruzə ətrafında Milli Məclisin deputatlar Hüseynbala Mirələmov, Musa Quliyev, Aydın Mirzəzadə, İlham Məmmədov, Sevinc Hüseynova, Sevinc Fətəliyeva çıxış ediblər.

Çıxış edənlər qeyd ediblər ki, vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik  ilə bağlı silsilə tədbirlər keçirilir.

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib.


Heydər Əliyev Azərbaycan tarixində Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə vətənimizin ən ağır və faciəli günlərində ona rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir.


Konfransın işini  yekunlaşdıran İlqar Abbasov qeyd edib ki, Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırıb. Ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirib, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoyub. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırıb və Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial-iqtisadi-siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək əvəzsiz varisini yetişdirib.


Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları Ümummilli Liderimizin çiyinləri üzərində hörülüb.Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, daim xalqla birbaşa ünsiyyətdə olması Ümummilli Lider tərəfindən başlanmış yolun davamıdır. Bu gün hərtərəfli inkişaf edən Azərbaycan regionda bütün sahələrdə lider dövlətə çevrilib. Dövlətimizin başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. 


Konfrans bu sözlərlə yekunlaşıb: Heydər Əliyev başımızın üstündə daim nur saçan bir günəşdir. Həmişə işıq saçır, yolumuzu aydınlığa bürüyür. 


Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak edib. 


Sizin Reklam Yeriniz