Əlaqə Arxiv
news Image
2013.05.08
13:48
| A A A
İran səfiri: “Azərbaycan vətəndaşları İran qanunlarını pozduqlarına görə saxlanıblar”
“Bu məsələ yəqin ki, iki ölkə arasında münasibətlərə təsir etməz”

 "İranda saxlanan Azərbaycan vətəndaşları ölkəyə turist kimi gəliblər və qanun pozduğuna görə saxlanılıblar. İranda heç kim səbəbsiz saxlanıla bilməz". İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun İranda saxlanılması ilə bağlı məsələni APA-ya belə şərh edib.

 

Onun sözlərinə görə, bu məsələ bir qədər şişirdilir: "Bu xanım AMEA-nın işçisidir və təbii ki onu buna görə saxlamayıblar. O ölkəyə turist kimi gəlib və bizim qanunlarımızı pozub. Bizim AMEA ilə yaxşı əlaqələrimiz var, Akademiyanın əməkdaşları İranda keçirilən seminarlarda iştirak edirlər. Hazırda Azərbaycanda təxminən 130 nəfərdən çox İran vətəndaşı saxlanılır. Bu şəxslər əsasən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduğuna görə saxlanılıb. Onların arasında müxtəlif peşə nümayəndələri var, amma təbii ki onlar öz sənətlərinə görə saxlanmayıblar, Azərbaycan qanunların pozduqlarına görə həbs ediliblər".

 

Səfir hadisənin iki ölkə arasında münasibətlərə təsir etməyəcəyini deyib: "İranda heç kim elə-belə saxlanılmır, eyni ilə Azərbaycanda. Əgər İranda kimsə qeyri-qanuni fəaliyyəti ilə məşğuldursa, bizim təhlükəsizlik qüvvələri bunun qarşısını alarlar. Bu məsələ ikitərəfli əlaqələrə təsir etməz. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir".

 

İranın səfiri Xalidə Xalid və Şamxal Hüseynov ilə bağlı əlavə rəsmi məlumata malik olmadığını də qeyd edib.

 

Sizin Reklam Yeriniz