Faşizm üzərində qələbədən 68 il ötür
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 68 il keçir.
Bəşər tarixində ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına
Azərbaycan xalqı da böyük töhfələr verib. Bu qanlı müharibədə
Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb,
onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı
döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox
vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən
çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı
döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin
tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən
formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli
atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək,
adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar. Xalqımız
arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun
ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Böyük
Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olub. Müharibə illərində
Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin
edilməsində həlledici rol oynamış sovet ordusunun tank və
təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi
yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı,
sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini
demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində
şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi
şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların
xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl
vətənpərvərlik nümunəsi olacaq.