Ukraynada ermənilər azərbaycanlı iş adamına hücum edib
Ukraynada bir qrup erməni azərbaycanlı iş adamını vəhşicəsinə
döyüb.
APA-nın Ukraynada olan
müxbirinin verdiyi xəbərə görə, əslən Masallı rayonundan olan iş
adamı Elşən Azad oğlu Əzimov dünən axşam saat 19.00 radələrində
Kiyev şəhərinin Brovarskoe şosse 61 ünvanında
ermənilərin hücumuna məruz qalıb. Hazırda
çətinliklə danışan iş adamı
APA-ya
deyib ki, ona Ermənistandan olan, özünü qondarma "Dağlıq Qarabağın
vətəndaşı" kimi təqdim edən Mıçak və Samvel Xıdıryan qardaşları,
onların tanışı Armen Petrosyan və bir neçə maskalı şəxs hücum edib.
İş adamının bildirdiyinə görə, hadisə etnik zəmində baş
verib. E. Əzimov onu da əlavə edib ki, Xıdıryan qardaşları
çirkli pulların daşınması, qaçaqmalçılıq kimi əməllərlə məşğul
olmaqla məşhurdurlar: " Onlarla bir neçə dəfə etnik zəmində
mübahisələrimiz olub. Özlərini Dağlıq Qarabağa aid şəxs kimi təqdim
eləmələrinə etirazımı bildirmişəm. Dünən axşamüstü isə şosse
kənarında şərikimlə söhbət etdiyim zaman yanımızda maşınlar
dayandı. Bu şəxslər bir neçə maskalı ilə maşından düşüb, mənə hücum
çəkdilər, yanımdakı şəxs qaçıb getdi. Azərbaycanlıları təhqir
edə-edə məni ölümcül döydülər, sonuncu zərbəni isə mafiya
adamlarının hər zaman yanlarında daşıdıqları alətlə vurdular. Bu
alət bir tərəfi çəkic, digər tərəfi isə balta olan
kəsici-deşici alətdir. Onu vurandan sonra huşumu itirmişəm,
öldüyümü zənn edib gediblər. Burda deyilənə görə, bir müddət sonra
yerli sakinlərdən məni görən olub, təcili tibbi yardımla
yaxınlıqdakı xəstəxanaya gətirilmişəm".
Həkimlərin bildirdiyinə görə, E. Əzimov ağır kəllə-beyin travması
alıb. Hadisə barədə Kiyev şəhər hüquq-mühafizə orqanları, həmçinin
Azərbaycan və Ermənistanın Ukraynadakı səfirlikləri
məlumatlandırılıb.
Bu gün Ukraynada fəaliyyət
göstərən Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) sədri Rövşən
Tağıyev yaralıya baş çəkib.Son məlumata görə, Kiyev şəhər
Milis İdarəsinin və şəhər prokurorluğunun
əməkdaşları
E. Əzimovla görüşüb, hadisə
yerinə baxış keçiriblər.