Azərbaycanın BMT-nin kosmik sahə üzrə əsas beynəlxalq hüquqi sənədi hesab olunan "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqaviləyə (Treaty on Principles Governing the Activities of States in the Exploration and Use of Outer Space, including the Moon and Other Celestial Bodies) qoşulması barədə qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənib.
BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinin (COPUOS) beynəlxalq kosmik hüquq sahəsində rəhbər tutduğu əsas normativ-hüquqi sənədlərdən ən başlıcası hesab olunan bu müqavilə 1967-ci ildə imzalanıb və beynəlxalq kosmik hüququn inkişafı üçün əsas çərçivə hesab olunur. Hazırda 100-dən çox ölkənin üzv olduğu bu müqaviləyə Azərbaycanın da qoşulması ölkəmizin kosmik sənaye üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi və elmi cəhətdən beynəlxalq kosmik məkana inteqrasiyanın sürətləndirilməsi, habelə ölkədə kosmik sahə üzrə intellektual potensialın və maddi-texniki bazanın yaradılmasına xidmət etməklə yanaşı, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"da əks olunmuş məqsədlərin reallaşdırılması və peyk layihələrinin həyata keçirilməsi işinə də böyük töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan 12 yanvar 2012-ci il tarixində COPUOS-un üzvlüyünə qəbul edilib.