Əlaqə Arxiv
news Image
2013.05.14
13:30
| A A A
Şəhər (rayon) Təhsil şöbələrinin rəhbərlərinin nəzərinə

Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən, buraxılış imtahanında "2" qiymət(lər)i alan, və ya eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərlə bağlı aşağıda göstərilən tədbirlər qeyd olunan  tarixlərdə həyata keçirilməlidir:


I) 2013-ci il may ayının 15-dən 25-dək təhsil müəssisələrində bu şəxslərin qeydiyyatı aparılır və ilkin məlumatları "Şagird-məzun" sisteminə daxil edilir.

II) 2013-ci il may ayının 27-dən iyun ayının 8-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən bu şəxslərin biliyinin qiymətləndirilməsi aparılır*.

III) 2013-ci il iyun ayının 10-dan 15-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərar qəbul edilmiş şəxslər haqqında məlumatlar aşağıdakı qaydada "Şagird-məzun" bazasına daxil edilir:

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, o cümlədən illik qiymət(lər)i "2" olan fənlər göstərilməklə, və bu fənlər üzrə xüsusi komissiyanın qiyməti;

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyənlər üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri. Bu şəxslərin bilik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanmır.

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, buraxılış imtahanında hər hansı fəndən "2" qiyməti alanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, buraxılış imtahanının qiymətləri, o cümlədən "2" qiyməti aldığı fən(lər) göstərilməklə, və bu fən(lər) üzrə xüsusi komissiyanın qiymət(lər)i (ana dili və (və ya) riyaziyyat fənləri istisna olmaqla). Buraxılış imtahanında yalnız ana dili və (və ya) riyaziyyat fənlərindən "2" qiyməti alan şəxslərin bilik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanmır, onlar haqqında məlumat həmçinin  iyun ayının 15-dək bazaya daxil edilir.       

- Eksternat qaydasında bu il attestasiyada iştirak edənlər üçün: attestasiya aparılan bütün fənlər üzrə xüsusi komissiyanın qiymətləri.

Xüsusi komissiyanın şəxsin bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərarı (komissiyadan aldığı qiymətlər göstərilməklə) təhsil müəssisəsində saxlanılır.      



* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarına (kurikulumlarına) uyğun olaraq təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən bu şəxslərin aşağıdakı bilik və bacarıqlara malik olması yoxlanılır və qiymətləndirilir:


  Azərbaycan dili fənni  üzrə


verilmiş mövzuya uyğun müxtəlif xarakterli və formalı mətnlər yazmaq;


dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırmaq;


nitqin müxtəlif  üslub və tiplərində mətnlər qurmaq.


Ədəbiyyat  fənni  üzrə


oxuduğu ədəbi nümunələri bədii  emosional və obrazlı qavradığını nümayiş etdirmək, ayrı - ayrı mövzulara dair  müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazmaq;


ədəbi nümunələri  mövzu, janr , problem baxımından müqayisə etmək, əsaslandırmış  rəy bildirmək;


görkəmli  ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahələri barədə məlumatlara malik olmaq.


Xarici dil  fənni  üzrə


müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə  fikirlərini izah etmək;


oxunmuş mətnin planını tərtib etmək, qısa məzmununu yazmaq;


sadə süjetli mətnlər qurmaq.


Riyaziyyat   fənni  üzrə


riyazi kəmiyyətlər arasında asılılığı müəyyənləşdirmək;


ölçmə və hesablama vasitələrindən istifadə etmək, yazılı və şifahi əməliyyatlar aparmaq;


mühakimələrini riyazi faktlarla əsaslandırmaq və məntiqi nəticələri şərh etmək, isbat olunmuş təklifi ehtimal olunandan fərqləndirmək.


Azərbaycan tarixi   fənni  üzrə


Azərbaycanın tarixi  keçmişi və müasir dövrü haqqında zəruri biliyə malik olduğunu nümayiş etdirmək;


tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri  baxımından  izah etmək və ona münasibət  bildirmək.


Ümumi  tarix  fənni  üzrə


müxtəlif   tarixi hadisə və prosesləri  təhlil etmək,  onların  arasındakı  oxşarlıq və ziddiyyətlərin  səbəblərini izah etmək;


dünya tarixinin   hadisə və proseslərini  Azərbaycan tarixinin eyni dövrü ilə tarixi  konteksdə müqayisə etmək ;


tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək;


müasir dövrün proses və hadisələrini,  qlobal problemlərini şərh etmək.


Fizika   fənni  üzrə


fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini izah etmək;


fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh etmək;


nəzəri biliklərin həyatda tətbiqini nümayiş etdirmək.


Kimya  fənni  üzrə


qeyri - üzvi və üzvi maddələri fərqləndirmək və onların  xarakterik cəhətlərini izah etmək;


kimyəvi hadisələri  dərk edərək  tətbiq etmək;


kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək.


Biologiya   fənni  üzrə


bioloji varlııqların yaranması və  inlkişafı ilə bağlı canlı orqanizmlərdə gedən prosesləri dərk etmək;


irsiyyətin qanunauyğunluqlarını başa düşmək, əsaslandırmaq;


seleksiya ilə bağlı  nailiyyətlərin  ayrı-ayrı sahələrdə əhəmiyyətini  və tətbiqi yollarını izah etmək.


Coğrafiya  fənni üzrə


coğrafi  qanunauyğunluqları və onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticəsini izah etmək;


təbii komplekslərin müqayisəli təhlilini aparmaq, onlarda baş verən dəyişikliklərin səbəblərini şərh etmək;   


müvafiq nəzəri biliklər əsasında  hesablamalar aparmaq , plan və xəritələr, diaqramlar,  sxem və cədvəllər üzərində işləmək.


Bu zaman şagirdin  müvafiq fəndən (fənlərdən) təqdim edilmiş  suallara yazılı cavab verməsi tələb olunur.




Sizin Reklam Yeriniz