Əlaqə Arxiv
news Image
2013.05.15
18:14
| A A A
ARDNŞ-də “Önəmli Dil Təqaüdü (CLS) Proqramının Genişləndirilməsi Haqqında” razılaşma imzalanıb

Mayın 15-də ARDNŞ-nin Baş ofisində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar arasında görüş olub.


Mövqe.az-ın verdiyi məlumata görə, görüşdə "Önəmli Dil Təqaüdü (CLS) Proqramının Genişləndirilməsi Haqqında" razılaşma imzalanmışdır. Sənədi ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və ABŞ səfiri Riçard Morninqstar imzalayıblar. 


Razılaşmaya əsasən, ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq əsasında həyata keçiriləcək "Önəmli Dil Təqaüdü (CLS) Proqramı" çərçivəsində ARDNŞ tərəfindən iki amerikalı tələbənin iştirakı maliyyələşdiriləcək. Həmin tələbələrin bütün təhsil haqqı, səyahət xərcləri və proqramla əlaqədar digər inzibati xərclər ARDNŞ tərəfindən ödəniləcək. ABŞ Dövlət Departamenti razılaşmaya əsasən, tərəfdaş təşkilatlar və podratçı qurumlarla birlikdə "CLS" proqramının həyata keçirilməsinə, o cümlədən iştirakçıların seçilməsi, inzibati tədbirlər, dil və mədəniyyət üzrə treninqlərin keçirilməsi və proqramın icrası ilə bağlı digər məsələlərin icrasına nəzarət funksiyasını öz üzərinə götürür. 


Qeyd olunmuşdur ki, "CLS" proqramı ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət bürosunun ABŞ universitetlərinin tələbələri üçün təşkil etdiyi proqramdır. Bu proqram çərçivəsində 13 önəmli dil üzrə intensiv yay kursları təklif olunur. Seçim prosesi Amerika Beynəlxalq Təhsil Şuraları (American Councils) tərəfindən aparılır və ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət bürosu tərəfindən təsdiqlənir. ABŞ hökumətinin xarici dil bilən amerikalıların sayını artırmaq məqsədi ilə göstərdiyi səylərin bir hissəsini təşkil edən bu proqram çərçivəsində Azərbaycan, benqal, hind, İndoneziya, Koreya, türk, urdu, ərəb, fars, Çin, yapon, Pencab və rus dilləri üzrə kurslar təşkil olunur. "CLS" proqramı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. ARDNŞ Azərbaycan dilini öyrənmək istəyən amerikalıların sayının artırılması məsələsinə böyük önəm verir və "CLS Proqramının Genişləndirilməsi Haqqında" razılaşmanın imzalanması Azərbaycanın bütün dünyada təbliğ olunması işinə Şirkətin yeni töhfəsi olacaqdır. 


                               

Sizin Reklam Yeriniz