Azərbaycanda mövcud olan saytların tez-tez haker hücumlarına məruz qalmaları saytların keyfiyyət məsələsini də gündəmə gətirir. Ölkədə elə saytlar mövcuddur ki, onları peşəkarlıq səviyyəsi aşağı olan hakerlər də asanlıqla dağıda bilirlər. Saytların keyfiyyətsizliyi onların həm də kompyuter viruslarına qarşı dözümsüz olması deməkdir. Həmçinin belə saytlara girənlərin komyuterlərinə də virus düşə bilir.
Dünyanın məşhur antivirus proqramı şirkəti olan "Symantec"in məlumatlarına görə, təhlükəsizliyi təmin olunmayıb və başqa saytların bazalarında yaradılan səhifələr ümumdünya hörümcək torundakı nizam-intizamı pozur və kompyuter viruslarına qarşı mübarizəni çətinləşdirir. Şirkət bəyan edir ki, bir sıra ölkələrdə yaradılan saytların plagiatlığına nəzarət olunmur. Başqalarının əməklərini istismar etməklə əldə olunan saytların xidmət keyfiyyətləri aşağı olur.
Ekspertlər hesab edirlər ki, Azərbaycandakı saytların heç də hamısı beynəlxalq keyfiyyət göstəricilərinə uyğun deyil. Çünki ölkədəki saytları hazırlayan şirkətlərin özlərinin peşəkarlıq səviyyəsin aşağıdır. Azərbaycandakı saytların bəzilərinin keyfiyyət göstəricilərinin aşağı olduğunu sübut etmək üçün uzağa getmək lazım deyil. Türkiyə qəzetlərinin, agentliklərinin saytları zəngin konfuqrasiyaya malikdirlər və onları dağıtmaq, hostinqlərini qırmaq çox çətindir. Bundan başqa Azərbaycanda hazırlanan saytların qiymətləri 2 min manatdan o tərəfə keçmir. Hətta 200-300 manata da sayt yaradanlar var. Əlbəttə ki, belə saytlar olduqca primitiv olur və tez-tez bağlanılır. Saytlarda müşahidə olunan texniki problemlər əslində onların texniki imkansızlıqlarının göstəricisidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirovun sözlərinə görə, həqiqətən də Azərbaycanda fəaliyyət göstərən saytların əksəriyyətinin keyfiyyət göstəriciləri qənaətbəxş deyil: "Bu problem var və bunun həlli sayt yaradan vətəndaşların özlərindən asılıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi keyfiyyətsiz saytların qarşısını ala bilməz. Nazirliyin bununla bağlı hansısa təsiretmə halları yoxdur. Şəxs özü saytının zəngin və kefiyyətli olmasından maraqlı olmalıdır. Biz kiminsə saytını keyfiyyətsizdir, deyə bağlaya bilmərik. Amma müəyyən məsələlərdə sayt yaratmaq istəyənlərə kömək edə bilərik. Məsləhətlər verə, peşəkarları istiqamətləndirə bilərik".
M.Əmirov hazırda Azərbaycanda yüksək dizanylı və keyfiyyətli sayt yaradan özəl şirkətlərin olduğunu bildirdi: "Belə şirkətlər var və onlarla əməkdaşlıq qurulmalıdır. Əlbəttə ki, keyfiyyətli saytı baha qiymətə hazırlayırlar. Ucuz saytlar isə asanlıqla hakerlərin hücumu qarşısında dağılır, sıradan çıxır. Yəqin ki, müəyyən müddət keçəndən sonra bu sahədə də inkişaf olacaq. Dünyanın aparıcı saytları ilə rəqabət aparmaq gücündə olacaq saytlarımız yarandıqca peşəkarlığın səviyyəsi də artacaq".
R.Qaçayoğlu