Əlaqə Arxiv
news Image
2013.05.20
16:32
| A A A
Azərbaycanda saxta sənədlərlə doğulan uşaqlar övladlığa götürülür-Eksklüziv
Teymur Rza: "Hamilə qadın övladlığa uşaq götürmək istəyən tərəfin sənədi ilə doğum evinə daxil olur"

"Azərbaycanda övladlığa uşaq götürmə ilə bağlı müəyyən çətinliklər olduğundan, uşağı olmayanlar 

hamilə qadınlarla övladlığa uşaq götürmək üçün doğuşdan öncə razılığa gəlirlər. Belə ki, hamilə qadın doğuşa razılığa gəldiyi,övladlığa uşaq götürmək istəyən tərəfin şəxsiyyətini təsdiq edən sənəd ilə daxil olur".

 Bu barədə məlumatı eksklüziv olaraq Movqe.az-a Azərbaycan Uşaq Fondunun Bakı şəhər şöbəsinin rəhbəri Teymur Rza verib. T. Rzanın sözlərinə görə, bəzi hallarda doğum evinin rəhbərliyi bundan xəbərsiz olsa da, əksər hallarda bu cür hallara şərait belə yaradırlar: "Bəlidir ki, Azərbaycanda övladlığa uşaq götürmək üçün illərlə növbəyə yazılıb uşaq götürmək istəyən ailələr var. Bu problemlə qarşılaşmamaq üçün övladlığa uşaq götürmək istəyənlər hamilə qadınlarla doğuşdan öncə razılığa gəlirlər. Hamilə qadın övladlığa uşaq götürmək istəyən tərəfin sənədi ilə doğum evinə daxil olur. Qeyd edim ki, övladlığa uşaq götürmək istəyən ailə hamilə qadını seçərkən oxşarlığa önəm verir ki, doğum evində hadisənin üstü açılmasın.  Doğuş baş tutduqdan sonra uşaq faktiki ananın doğum evinə təqdim etdiyi sənəd üzrə sənədləşdirilir. Bəzən isə doğum evlərində bu cür doğuşlara məqsədli şəkildə şərait yaradılır. Azərbaycanda bu cür uşaq sahibi olan ailələrin sayı günü-gündən artır. Ən təhlükəlisi isə bu halların üzərinin açılmaması, gizli qalmasıdır. Çünki, sənədlə uşaq həmin ailənin övladı sayıldığından, şübhəyə əsas qalmır".

T. Rza doğum evlərində bu cür arzuolunmaz, qanunsuz doğuşların baş tutmasının qarşısının alınması üçün təcili tədbirlər görülməli olduğunu bildirir. 

Səhiyyə Nazirliyindən isə hələki hər hansı doğum evində belə bir faktın qeydə alınmadığını söyləyirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, hamilə qadın doğuşa götürülərkən ondan şəxsiyyətini təsdiq edən sənəd tələb edilir və həmin sənəd yoxlanılır: "Burada hamilə qadının sənəddəki foto ilə oxşar olub-olmadığına ciddi diqqət yetirilir. Belə bir hadisə aşkarlanarsa dərhal hüquq-mühafizə orqanlarına məlumat verilir".

A. Qədirli bildirdi ki, doğum evlərində bu cür qanunsuzluqlara şəraitin yaradılması barədə iddia olunan fikirlər əsassızdır. Onun sözlərinə görə, doğum evinin rəhbərliyi, başqasının sənədi ilə doğum evinə müraciət edən hamilə qadın və övladlığa bu cür yolla uşaq götürmək istəyənlər bilməlidirlər ki, bu qanunvericiliyə zidd əməldir, buna görə həmin şəxsləri qanun qarşısında cidi cəza gözləyir. 


Sizin Reklam Yeriniz