Əlaqə Arxiv
news Image
2013.05.20
19:14
| A A A
BSU-da Çex Dili və Mədəniyyəti Mərkəzinin kitabxanası açılıb
BSU-nun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin maliyə dəstəyi ilə nəfis şəkildə təmir və texniki avadanlıqlarla təchiz olunan kitabxana otağında çex dili və mədəniyyətini daha mükəmməl öyrənmək üçün əlverişli şərait yaradılmışdır. Kitabxanaya Çexiya Respublikasının Parlamentinin senatoru Martin Tesarjik tərəfindən 45, BSU-nun sıx əməkdaşlıq etdiyi Çexiyanın Ostrav Universitetinin Fəlsəfə fakültəsindən isə 200 kitab hədiyyə edilmişdir. Bura bədii ədəbiyyat nümunələri, Çexiyanın tarixi, iqtisadiyyatı, coğrafiyası və Çex dili üzrə nəşrlər, lüğətlər və ensiklopediyalar daxildir. Açılışda qonaqları salamlayan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev universitetdə boqemistikanın inkişafına hər zaman yaxından kömək göstərdiyinə görə cənab səfirə xüsusi təşəkkürünü bildirdi: "Həm çexiyalı dostlarımız, həm də biz, siz tələbələrin yüksək ixtisaslı kadrlar kimi yetişməsi üçün əlimizdən gələni etməyə hazırıq. Böyük hörmət və məhəbbət hissi ilə həyata keçiridiyimiz bu işdə bizə yaxından dəstək olduğuna görə cənab səfir R.Matulaya və ölkəmizin Çexiyadakı səfiri T. Tağızadəyə dərin minnətdarlığımı bildirirəm. Mən çox sevinirəm ki, bizim Çexiya ilə əlaqələrimiz daha da güclənir və inkişaf edir. İnanıram ki, bu kitabxana sizin biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq". Hər zaman BSU tələbələri ilə görüşdən zövq aldığını bildirən Çexiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Radek Matula Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasın qısa müddət keçməsinə baxmayaraq çexşünas mütəxəssislərinin hazırlanmasında gördüyü böyük işlərdən danışdı: "İnanıram ki, fəaliyyətə başlayan kitabxana sizin biliklərinizin artmasına yardımçı olacaq". BSU ilə hazırki əməkdaşlıqdan razılığını dilə gətirən R.Matula universitetdə Çex dili və mədəniyyətinə göstərilən dəstək və qayğıya görə rektora dərin təşəkkürünü bildirdi. Sonda səfir Çex Dili və Mədəniyyəti Mərkəzinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sizin Reklam Yeriniz