Əlaqə Arxiv
news Image
2013.05.21
17:11
| A A A
“Elm haqqında” Qanunun layihəsi müzakirə olunub

AMEA Memarlıq və İncəsənət İnstitutunun 17 may 2013-cü il tarixli Elmi Şura iclasında "Elm haqqında" Azərbaycan Respublikasının Qanunun layihəsi müzakirə olunub. Mövqe.az-ın məlumatına görə, məsələ ilə bağlı iclasda İnstitutun direktoru professor Ərtegin Salamzadə, direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, elmi katib kulturologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimli və şöbə müdiri sənətşünaslıq doktoru Rəna Abdullayeva çıxış ediblər.


Müzakirə zamanı qeyd olunub ki, "Elm haqqında" AR Qanunu ölkəmizin bütün elmi ictimaiyyəti tərəfindən çoxdan gözlədiyi mühüm hüquqi və eyni zamanda elmi sənəddir. Səkkiz fəsil və 49 maddədən ibarət olan Qanun layihəsi elmi fəaliyyətin bütün sahələrini əhatə edir. Qanun layihəsində bir çox innovativ və bəzi hallarda hətta inqilabi xarakteri daşıyan maddə və bəndlər mövcuddur.


Müsbət haldır ki, Qanun layihəsinin "Ümumi müddəalar" adlanan 1-ci maddəsində layihənin mətnində istifadə olunan 36 əsas anlayış və terminlər verilib. Lakin onların arasında həm dəqiq, birmənalı verilib, həm də mənası tam aydın olmayan terminlər vardır. Məsələn, "elmi işçi" anlayışı "elmi fəaliyyət sahəsində çalışan ali təhsilli mütəxəssis" kimi, yəni tam aydın və birmənalı təyin edilib. Amma "tədqiqatçı" anlayışı nədənsə həm də "elmi-tədqiqat layihələrinə rəhbərlik edən ali təhsilli şəxs" kimi verilib. Qeyd olunub ki, elmi-tədqiqat layihələrinə rəhbərlik tədqiqatçının əsas əlamətlərindən deyil və bu səbəbdən "tədqiqatçı" anlayışını əsas terminlər siyahısından çıxarılması məqsədə uyğun olardı. Həmçinin "elmi innovasiya" anlayışının daha yığcam formada verilməsi təklif edilmişdir: "elmi innovasiya – yeni biliklərin, texnologiyaların və məhsulların istehsalı".

Eyni zamanda Qanunun mətnində istifadə olunan bəzi mühüm anlayışlar əsas terminlər siyahısında öz əksini tapmayıb. Təklif olunub ki, 1-ci Maddədə "elmi elita" və "Dövlət Elmi Ekspertiza Şurası" anlayışları verilsin.


4-cü Maddənin 4.2.1 bəndində humanitar və ictimai elmlər sahəsində dövlət siyasətinin əsas prioritetlərdən söhbət açılır. Burada Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə yanaşı nədənsə "musiqi" sahəsi göstərilib. Lakin musiqi sənəti Azərbaycan xalqının bütün zəngin bədii yaradıcılığını əhatə etmir. Müzakirə gedişində "musiqi" sözü "incəsənət" sözü ilə əvəz edilməsi təklif olundu.

Ümumilikdə "Elm haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi iclasda bəyənilib və dəstəklənib. Çıxış edənlər ümidvar olduqlarını bildiriblər ki, bu qanun tezliklə qüvvəyə minəcək və elmi işçilərin fəaliyyətində əsaslı dönüş yaradacaq.

Sizin Reklam Yeriniz