Əlaqə Arxiv
news Image
2013.05.23
13:35
| A A A
Azərbaycanda xəstələrə rentgen müayinəsi zamanı nə qədər şüa verilir?
Bahadur Baxşıyev:"Rentgen müayinəsi zamanı həkimin pasiyentə nə qədər şüa verildiyini ölçməsi mümkünsüzdür"

 "Azərbaycandakı səhiyyə müəssisələrində rentgenoloqların qarşısına xəstəyə rentgen müayinəsi zamanı nə qədər şüa aldığını ölçməklə bağlı hər hansı tələb qoyulmayıb".

Bu sözləri Movqe.az-a Səhiyyə Nazirliyinin mütəxəssisi radioloq Bahadur Baxşıyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdindəki Dövlət Dozimetrik Etalonları Laboratoriyasının səsləndirdiyi ittihama cavab olaraq söyləyib. B. Baxşıyev bildirib ki, rentgen müayinəsi zamanı həkimin pasiyentə nə qədər şüa verildiyini ölçməsi mümkünsüzdür: "Bunun üçün hər xəstəyə bir ədəd doziometr lazımdır ki, xəstənin nə qədər şüa qəbul etdiyini xəstəlik tarixçəsinə qeyd etmək mümkün olsun. Amma ümumilikdə xəstələrə rentgen müayinəsi zamanı artıq şüa verilə bilməz. Çünki, hazırki rentgen aparatları rəqəmsal olduğundan bu norma avtomotik olaraq tənzimlənir. O ki, qaldı xəstəyə hər müayinə zamanı nə qədər şüa verilməsinə, bu xəstəlikdən asılıdır".

Bu barədə Movqe.az-a öz fikirlərini bildirən rentgenoloqlar da, xəstələrə rentgen müayinəsi zamanı nə qədər şüa verildiyini ölçmək üçün doziometrlərin olmadığını söylədilər: "Doziometrlər yalnız rentgen müayinəsi aparan həkimlərə verilir. Xəstələrə belə bir aparatlar paylanılımır. Bununla bağlı hər hansı tələb də yoxdur ki, rentgen həkimləri müayinə zamanı xəstəyə verilən şüanı ölçüb xəstəlik tarixçəsinə qeyd etsin".

Xatırladaq ki, bir müddət öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində yaradılan və yaxın vaxtlarda fəaliyyətə başlayacaq Dövlət Dozimetrik Etalonları Laboratoriyası Azərbaycanın səhiyyə sektorunda rentgen şüalanması ilə bağlı bəzi tələblərin yerinə yetirilmədiyini iddia etmişdi. Məlumata görə, nəticədə, vətəndaşlar normadan artıq dozada şüalanma almaq riski ilə üzləşirlər. Laboratoriya mütəxəssislərinin sözlərinə görə, beynəlxalq tələblərə əsasən, rentgen qurğusundan keçən və müəyyən dozada şüalanma alan xəstələrin xəstəlik tarixçəsində müayinə, terapiyanın vaxtı və xəstənin aldığı şüalanma dozası barədə məlumatlar qeyd edilir. O cümlədən, bu barədə məlumatlar xəstənin özünə də təqdim edilir. Bu qeydlər vasitəsilə insanların hansı müddət ərzində nə qədər şüalanmaya məruz qaldığı izlənilir və normadan artıq şüalanma almasının qarşısı alınır.Azərbaycandakı səhiyyə obyektlərinin əksəriyyətində isə bu göstəricilər qeydə alınmır və bununla bağlı xəstəlik tarixçəsində müvafiq qeydlər aparılmır, eləcə də şüalanmaya məruz qalan xəstələrin özünə bu barədə məlumat verilmir. Nəticədə, sahənin spesifik xüsusiyyətlərindən məlumatlı olmayan vətəndaşlar normadan artıq şüalanma almaq riskinə məruz qalır və ya artıq şüalanırlar. Dozimetrik laboratoriyanın işə düşməsi nəticəsində isə rentgen və radiasiya sahəsindəki digər məsələlər kimi bu sahəyə də nəzarətin artması gözlənilir.



Sizin Reklam Yeriniz