Minsk qrupunun həmsədrləri ciddi addımlar atmırlar
"Mən belə xəyalpərəst deyiləm ki, Fransanı Aİ-nin əvəzləməsi münaqişənin nizamlanmasını çox ciddi dəyişəcəyinə ümid edim"
Avropa İttifaqının (Aİ) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etmək istəyi müsbət hal kimi dəyərləndirilir.Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.
Deputat söyləyib ki, bu, müsbət qiymətləndirilsə də münaqişənin nizamlanması istiqamətinə aparılan danışıqların mövcud vəziyyətini tam dəyişməyəcək: "Mən belə xəyalpərəst deyiləm ki, Fransanı Aİ-nin əvəzləməsi münaqişənin nizamlanmasını çox ciddi dəyişəcəyinə ümid edim. Amma əvəzetmə nəticəsində müsbət nəticələr olacaq. Çünki Fransadan fərqli olaraq, Avropa İttifaqının içərisində münaqişənin həlli ilə bağlı rəsmi Parisdən daha çox ədalətli mövqe tutan ölkələr var".
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərin fəaliyyətinə toxunan deputat bildirib ki, həmsədr dövlətlər münaqişənin nizamlanması istiqamətində çox ciddi addımlar atmır: "Hətta həmsədrlər heç bir rol oynamırlar. Keçən uzun müddət ərzində həmsədrlər münaqişənin həlli ilə bağlı daha sərt ifadə işlədərək bildirmək istərdim ki, heç bir iş görmürlər. Çünki görün, artıq neçə il keçib, amma həmsədrlər münaqişənin həlli ilə bağlı heç bir səy ortaya qoymurlar. İşğal edən dövlətə (Ermənistan) yetərli təzyiqlər edilməyincə mövcud vəziyyəti dəyişmək mümkün olmayacaq. Eyni zamanda həmsədr dövlətlərin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün həmsədrlər heç nə etmir. "Siz gedin danışıqları öz aranızda aparın biz də sizə dəstək verərik" sözləri münaqişənin həllində ciddi rol oynamamaq deməkdir".