Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf üzrə komitəsinin növbəti iclası keçirilib.
Mövqe.az xəbər verir ki,
komitənin iclasında "Avropada uşaq yoxsulluğu" mövzusunda
müzakirələr aparılıb.
Sözügedən məsələ üzrə məruzəçi təyin olunmuş Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədr müavini Sevinc Fətəliyeva məruzənin ilkin variantını
komitəyə təqdim edərək, müzakirə olunacaq məsələyə münasibətini
bildirib.
S.Fətəliyeva qeyd edib ki, bütün dünyada uşaqlar yetkinlik yaşına
çatana qədər kimdənsə, daha doğrusu, ailənin maliyyə vəziyyətindən
asılıdır və bunu dəyişə bilməzlər.
"Qarşımızda bir neçə sual qoyuruq: Yoxsulluq uşaqlar üçün nədir?
Gəlirlər uşaqların günlük həyatına necə təsir edir? Kifayət qədər
qida, təhsilin keyfiyyəti və şəraiti, yaşadığı yer və məkan,
ailədəki mühit, ailədaxili zorakılıq, evsizlik, sosial və tibbi
servisin təmini, valideynlərin işsizliyi və maddi durumun aşağı
səviyyəsi - bütün bunların uşaq yoxsulluğuna təsiri
araşdırılmalıdır.
Müasir dövrdə dünyada baş verən maliyyə böhranın qurbanı olan
ölkələrdəki iqtisadi vəziyyət yoxsulluğun əsas səbəblərindəndir.
Əgər Avropanın gələcəyindən söhbət gedirsə, bu gündən bu sahədə
fəaliyyəti gücləndirməliyik. Məruzənin əsas məqsədi - uşaq
siyasətini prioritet məsələyə çevirmək, Avropa Şurasına üzv
ölkələrin xüsusi milli strategiyaların yaranmasına təkan verməkdir"
- deyə, millət vəkili sözlərinə əlavə edib.
Qeyd edək ki, çıxışdan və komitə üzvlərinin müzakirəsindən sonra
məruzə qəbul edilib.