Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində fəaliyyət göstərən "Heydər Əliyev Lektoriyası"nın 55-ci məşğələsi 15 İyun Milli Qurtuluş Gününə həsr olunub...
Mövqe.az-ın məlumatına görə, lektoriyanı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev 1993-cü ilin iyun hadisələrinin yaranmasından, Azərbaycan müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, xalqımızın taleyində, mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanı böyük bəlalardan xilas etməsindən, ulu öndərin yorulmaz siyasi fəaliyyətindən və ötən müddət ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən ətraflı danışıb. Akademik qeyd edib ki, Heydər Əliyev zəngin idarəetmə və dövlətçilik təcrübəsinə arxalanaraq müstəqilliyimizin möhkəmləndirilməsinə, haqq-ədalətin bərpasına, müharibədə atəşkəsə nail oldu. Özünün uğurlu siyasəti ilə vətəndaş müharibəsinin və etnik parçalanmaların qarşısını aldı. Dahi öndər hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoydu və 1993-cü ilin 15 iyun günü Azərbaycan tarixinə Qurtuluş günü kimi daxil oldu. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı AR Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. İsmayıl Hacıyev xüsusi olaraq vurğulayıb ki, bu gün ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.
Lektoriyada AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda məruzəsi dinlənilib.
Mövzu ətrafında Biоresurslar İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Tariyel Talıbоv, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu və yaradıcısı оlduğu müstəqil Azərbaycan dövlətinin müxtəlif sahələrdəki uğurlarına ətraflı nəzər salıblar.